SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana qarşı müharibə deyil, Azərbaycanın ərazisində olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşıdır”.

BAKU.WS xəbər verir ki, bu barədə “Trend”in suallarını cavablayarkən UNEC-in Türk dünyası iqtisad fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, təxminən 10 min nəfər olduğu təxmin edilən və Ermənistan tərəfindən maliyyələşdirilən bu qeyri-qanuni birləşmələr bölgədəki insanların, o cümlədən, mülki ermənilərin əmlak və həyat təhlükəsizliyini təhdid edir, Azərbaycana qarşı cinayətlər törədirlər.

“Ona görə də Azərbaycan dövləti konstitusiyanın müddəalarını həyata keçirmək və regionda yaşayan mülki əhalinin, o cümlədən, öz erməni vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbirlərinə başlamalı oldu. Azərbaycan bu mübarizəni öz ərazisində aparır. Ona görə də təbiidir ki, digər ölkələr kimi, Azərbaycan da öz ərazisində terror fəaliyyətinə icazə vermir.

Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq başladığı bu antiterror tədbirləri Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hazırladığı genişmiqyaslı təxribatların qarşısını almaq, üçlü bəyannamənin müddəalarının həyata keçirilməsini təmin etmək, qeyri-qanuni erməni silahlı birləşmələrini tərksilah etmək və bölgədən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi daşıyır.
Qarabağdakı antiterror tədbirləri qeyri-qanuni erməni silahlı birləşmələri tərk-silah olub, bölgədən çıxdıqdan sonra dayandırılacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

BAKU.WS