SİZİN REKLAM BURADA!
055 213 76 73


Serbiya televiyasının bir qrup jurnalisti ölkəmizə səfərə gəlib.

Qonaqlar səfərlə bağlı ölkələrinin televiziyaları üçün bir sıra materiallar hazırlayıblar.

“Radio Television of Serbia” (RTS) telekanalının hazırladığı süjetdə Azərbaycanla Serbiya arasında getdikcə inkişaf edən münasibətlərə toxunulur. Azərbaycanın yaşıl enerji potensialı, Avropada bu sahəyə maraq və Serbiyanın sözügedən istiqamətdə Azərbaycanla əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.

Azərbaycanın Serbiya ilə strateji tərəfdaş olduğu vurğulanan materialda ölkələrimiz arasında 2021-ci ildə ticarət dövriyyəsinin 56 milyon ABŞ dolları olduğu vurğulanıb.

Telekanala müsahibə verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ölkələrimiz keçid dövrünü yaşayıblar, Yuqoslaviyanın tərkibində Serbiya özəl sektorda daha çoxşaxəli iqtisadi infrastruktura malik olub:

“Daha bir vacib məsələ beynəlxalq təhlükəsizlikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq təhlükəsizlik beynəlxalq hüquq prinsiplərinə, xüsusilə ərazi bütövlüyü prinsipinə riayət olunmasından asılıdır”.

Materialda həmçinin ölkələrimiz arasında turizm sahəsindəki əlaqələrə də toxunulub.

RTS-in hazırladığı digər bir süjet isə Ağdam səfərinin təəssüratlarına həsr olunub.

Serbiya telekanalı Ağdamın minalarla çirkləndirilməsi məsələsinə diqqət çəkib və şəhərin həyata qaytarılması üçün ilk növbə buraya minaaxtaranların cəlb olunduğunu bildirib.

Süjetdə Ağdamda 2020-ci ilin sonlarından bu yana on minlərlə minanın və partlayıcı qurğuların aşkarlanaraq zərərsizləşdirildiyi vurğulanır.

Eyni zamanda qeyd olunur ki, Azərbaycan tərəfi minaların axtarışı prosesində dronların köməyindən də istifadə edir:

“Ancaq yenə də insan amili həlledici rol oynayır”.

RTS telekanalı hazırladığı süjetdə həmçinin Qarabağdakı minaların dinc insanlar üçün yaratdığı təhlükə barədə söz açıb, 2020-ci ildən bu yana baş vermiş mina partlayışları zamanı həlak olanlarla bağlı statistikanı təqdim edib.

BAKU.WS
VİDEO