SİZİN REKLAM BURADA!
055 213 76 73


"İran xarici dövlətin səfirliyini qoruya bilmirsə bir daha sübut olunur ki, sadə vətəndaşların həyat və təhlükəsizliyi üçün daha da təhlükəli bir ölkə, dövlət olaraq isə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün zərərli aktordur. Məntiqi olaraq molla rejimi dövlət olaraq legitim subyektə başçılıq etmək iqtidarında deyil. Baş verən bu hadisə Vyana konvensiyalarının ən kobud, nümayişkar şəkildə pozulması və birmənalı olaraq terror aktıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib. 

Politoloqa görə, tələb budur ki, İranın müvafiq qurumları hadisə barəsində dərhal araşdırma aparsın, buna hüquqi qiymət verilsin və İran ali rəhbərliyi Azərbaycandan üzr istəsin:

"Vəfat edən təhlükəsizlik xidmətinin rəisinin ailəsinə, xəsarət alan əməkdaşlara maddi və mənəvi ziyan da İran hökuməti tərəfindən qarşılanmalıdır. Bu hadisə İranın Azərbaycana qarşı uzun müddətdir səsləndirdiyi hədyana fikirlərinin nəticəsi deyil, bir parçasıdır. Çünki daha öncə də İran situativ olaraq yumşalmaya getdi, sonra yenidən mövqeyini dəyişdi. İlk deyilsə, deməli, son da deyil.

Keçmiş Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasını, Azərbaycanın Zəfərdən sonra diktə etdiyi reallıqları, regionda Azərbaycanın əsas söz sahibinə çevrilməsini İran həzm edə bilmir. Şübhəsiz ki, Türkiyə üçün də bu amil keçərlidir. Molla rejimi, farslar Türkiyənin artan nüfuzunu, türkün gücünü, reallaşdırılacaq Zəngəzur dəhlizi vasitəsilə Böyük Turan məfhumun qəti və daha da güclənəcək varlığını həzm edə bilmirlər. Ermənistanın öz nüfuz dairəsindən çıxmaması üçün onu özünün qırmızı xətti elan edən İranın Avropa İttifaqı missiyasının regiona qalıcı məqsədlə yerləşdirilməsinə səsini çıxartmaması da təsadüfi deyil. Fərqli cinahların əbədi düşmənlərindən birinin digərinə səssiz qalan mövqeyinin pərdəarxası məqamları dərindir".

Şəbnəm Həsənova hesab edir ki, molla rejiminin hadisə ilə əlaqədar olaraq informasiya manipulyasiyası da rejimin özü qədər qəbuledilməz və yalandır:

"İran daxildə gedən məsələlərdən daxili və xarici auditoriyanın fokusunu yayındırmaq, Qərbin hədəf oxlarını özündən uzaqlaşdırmaq istəyir. Avropa İttifaqının mülki missiyası ilə bağlı Rusiyadan reaksiya gəldi, İrandan isə gəlmədi. Bunun özü də çox şeyi deyir. Məlum məsələdir ki, Ermənistanda anti-Rusiya təbliğatının genişlənməsi, Baş nazirin həyat yoldaşı Anna Akopyanın İranda təmtəraqla qarşılanması, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı Rusiya və Azərbaycanın mövqeyinin demək olar ki üst-üstə düşməsi və ən önəmli məsələlərdən biri olaraq İsrail-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi və bunun təzahürü olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşımı da bu məsələdə vacibdir.

Açıq deyək ki, Zəngəzur dəhlizinin açılmasının regional deyil, qlobal baxımından önəmli olması fonunda bu məsələdə keçmiş Dağlıq Qarabağ münaqişəsinin düyün nöqtəsi olması, indiki məqamda isə dəhlizin açılmasında Azərbaycanın açar aktor olması baxımından bunu həzm edə bilməyən İran bu böyük həlqənin önəmli parçası olan Azərbaycana təzyiq və təhdidlər edir. Səfirliyimiz ən yüksək səviyyədə qorunmalı idi, qoruya bilməyib və istəməyiblərsə bu hadisə ilə bağlı məsuliyyət İranın üzərindədir.

Terroru daxili və xarici siyasətinin ayrılmaz bir parçası halına gətirən, dövlət siyasəti səviyyəsinə qaldıran ölkəni pisləyirik. Bu sadəcə iki ölkə münasibətlərinə deyil, bütövlükdə regional stabilliyə salınan kölgə və təhdiddir. Onu da qeyd edim ki, təlimat alan terrorçu vəziyyətin gedişində, ən pik məqamda davranışının hansı nəticə ilə sonlana biləcəyinin təlimatını da alır. Görünür, direktiv o istiqamətdə gəlib ki, ən kəskin addıma belə əl atmaqdan çəkinilməsin".

BAKU.WS