SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın əks-hücum əməliyyatlarına qarşı apardığı mübarizəsi və siyasi iradə nümayiş etdirərək beynəlxalq aləm tərəfindən təsbit olunmuş ərazi bütövlüyünü təmin etmək istiqamətində atdığı addımlara dəstək günü-gündən daha qəti xarakter alır. Belə ki, Rusiya, Türkiyə, Gürcüstandan başqa İran İslam Respublikasından da Azərbaycanın haqq işinə növbəti qəti dətsək gəldi.

Bu sözləri BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib. 

Onun sözlərinə görə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin “Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır” deyə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son açıqlaması və Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə bu ölkənin qəti dəstəyini növbəti dəfə bəyan etdi:

"İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də İranın münaqişənin həlli ilə bağlı məsələdə hər zaman eyni mövqedən çıxış edərək bu məsələnin beynəlxalq aləmin qəbul etdiyi hüquq prinsipləri çərçivəsində həll olunmalı olduğunu bildirib. İran Ermənistanla qonşu olsa da, dəfələrlə Ermənistan tərəfə Dağlıq Qarabağ məsələsinin beynəlxalq qanunların qoyduğu tələblər əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu bildirib.

Türkiyənin özünün mütləq dəstəyi ilk gündən etibarən qətidir. Bununla yanaşı, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasındakı çıxışı zamanı da heç bir ikili standart tətbiq etmədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə çağırdı. Eyni zamanda, Çavuşoğlu "Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi necə müdafiə edilirsə, eyni ilə Azərbaycanın hüquqları da müdafiə edilməlidir" deyərək bir daha qəti mövqe sərgilələməklə yanaşı digər dövlətləri də haqlının yanında olmağa səslədi.

Azərbaycanın haqq işinin beynəlxalq hüquqa əsaslandığını vurğulayan Çavuşoğlu bir daha Azərbaycanın yalnız BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış əraziləri üzərindəki nəzarətini bərpa etmək istəyini qeyd etdi və xüsusilə, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsini diqqətə çatdırdı".

Politoloq əlavə edib ki, digər bir region dövlətinin, eyni zamanda münaqişədə vasitəçi funksiyasını icra edən dövlətin, Rusiyanın da mövqeyi bəllidir: "Belə ki, Putinin hərbi əməliyyatların Ermənistan ərazisində aparılmadığını söyləməsi, bütövlükdə isə müharibənin ilk günündən bitərəf və neytral mövqe sərgiləməsi Azərbaycan tərəfini qane edir.

Rusiya, Türkiyə, Gürcüstan, İranın məsələ ilə bağlı qəti mövqe ortaya qoyaraq haqlı olaraq haqqın, Azərbaycanın tərəfində olması Ermənistan üçün tam iflas və təcridlə nəticələndi. Heç bir ölkə Ermənistanın mövqeyinə açıq şəkildə dəstək vermir və bu ölkənin qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmasını birmənalı zərurət kimi görürlər. Çünki artıq bütün dünya Azərbaycan Prezidentinin siyasi iradəsini və müzəffər ordumuzun qətiyyətini aydın dərk edir".

Orxan Hüseyn
BAKU.WS