Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamam olur

Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamam olur
Mədəniyyət 16

Bu gün Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.

Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində doğulub. 1963-cü ildə Yardımlıda orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.

S. Rüstəmxanlı 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilib. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib.

Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülüb, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırıb.

"Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.

"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis etmiş, iki il onun baş redaktoru olub. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş, Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olub.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

1991–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1993-1995-ci illərdə isə mətbuat və informasiya naziri olub.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülüb.

Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noyabrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilib.

Xalq şairi Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilib.

Sabir Rüstəmxanlı "Ömür kitabı" (1988) əsərinə görə 11 yanvar 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının M. F. Axundov adına ədəbi mükafatına layiq görülüb.

23 may 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2005-ci ildə "Xalq şairi" fəxri adına layiq görülüb.

20 may 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə yenidən "Şöhrət" ordeni ilə təltif edilib

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.

19 may 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Xalq şairi Milli Məclisinin VII çağırış deputatı,Tənzilə Rüstəmxanlının həyat yoldaşıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər