Süni intellektlə hazırlanan ilk tarixi sənədli filmin təqdimatı keçirilib

Süni intellektlə hazırlanan ilk tarixi sənədli filmin təqdimatı keçirilib
Mədəniyyət 56

Nizami Kino Mərkəzində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan və süni intellektlə hazırlanan ilk tarixi sənədli filmin - "Sultan Həsən Bahadur"un təqdimatı keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova "Sultan Həsən Bahadur" filmini milli kimliyin dərki baxımından vacib layihə adlandırıb.

Nazir müavini ekran işinin süni intellekt vasitəsilə hazırlanmasına toxunaraq bu prosesin getdikcə kino sənayesinə daha çox inteqrasiya edəcəyini bildirib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov isə öz növbəsində layihənin ideyasının yaranması barədə danışıb.

Sədr bildirib ki, tarixi mövzulara işıq tutmaq olduqca həssaslıq və dəqiqlik tələb edir və filmin ideyadan layihəyə çevrilməsində bütün bu həssaslıqlar nəzərə alınıb.

R.Məmmədov ekran işinin birbaşa tarixi faktlara əsaslandığını ifadə edib.

Məlumat üçün bildirək ki, AzTV-nin "Tariximizlə qürur duyuruq" bədii-sənədli filmlər silsiləsinin ilk ekran əsəri olan "Sultan Həsən Bahadur" Türkiyənin "Patik Prodakşn" şirkəti ilə birgə istehsal olunub.

Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir.

Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadədir.

Filmin rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.

Ekran əsəri Ağqoyunlu dövlətinin qüdrətli hökmdarı, tarixdə Uzun Həsən adı ilə tanınan Sultan Həsən Bahadurun böyük fatehlik yolunu, eləcə də onun anası, Şərqin ilk diplomat qadını Sara Xatunun siyasi dühasını əsas motiv götürür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər