Əliağa Vahidin 131 illiyi qeyd olunur

Əliağa Vahidin 131 illiyi qeyd olunur
Mədəniyyət 46

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış şair-qəzəlxan Əliağa Vahidin anadan olmasının 131-ci ildönümüdür. O, 17 fevral 1895-ci ildə Bakıda Əliağa Məmmədqulu oğlu İsgəndərov adı ilə dünyaya gəlib.

İlk təhsilini mədrəsədə alsa da, maddi çətinliklər səbəbindən oxumağı yarımçıq qoyaraq xarratlıqla məşğul olub. Gənc yaşlarından Bakıda fəaliyyət göstərən ədəbi məclislərə qatılan Vahid lirik və satirik şeirləri ilə diqqət çəkib. Onun yaradıcılığında ictimai ədalətsizlik, mövhumat və sosial qüsurlar kəskin tənqid olunub. Şairin ilk kitabı "Tamahın nəticəsi" adı ilə nəşr edilib.

Sovet hakimiyyəti illərində inqilabi mövzuda əsərlər yazan Vahid "Kommunist" qəzeti və "Molla Nəsrəddin" jurnalında çıxış edib. "Kupletlər" (1924) və "Mollaxana" (1938) kitablarında yeniliyə qarşı çıxan qüvvələri satira atəşinə tutub. Böyük Vətən müharibəsi dövründə qələmə aldığı "Döyüş qəzəlləri" və "Qəzəllər" kitablarında isə vətənpərvərlik və qələbə ruhunu tərənnüm edib.

Füzuli ədəbi ənənələrinin davamçısı sayılan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının ən görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun sadə, axıcı və ahəngdar dili ilə seçilən qəzəlləri xanəndələrin repertuarında bu gün də xüsusi yer tutur. Şair həmçinin Nizami, Xaqani, Füzuli və Nəvai kimi klassiklərin əsərlərini Azərbaycan dilinə çevirib.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər