Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub
Mədəniyyət 77

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılış mərasimi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, açılış mərasimində "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun sədri Yusif Abdulla, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri, deputatlar, eləcə də xalça sənayesinin aparıcı mütəxəssisləri, dizaynerlər, istehsalçı-tədqiqatçıları və digər qonaqlar iştirak edib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud beynəlxalq festivalın əhəmiyyətindən, Azərbaycanda xalçaçılıq sənətinin ənənəviliyindən, həmçinin "İçərişəhər"in özünəməxsus xalçaçılığı barədə danışıb.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov ötən il keçirilən Milli Xalça Festivalına olan sevgidən bəhs edib. O, məhz bu cür maraqdan sonra festivalın beynəlxalq səviyyədə keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun sədri Yusif Abdulla öz növbəsində festivalın beynəlxalq səviyyəyə daşınması təşəbbüsünü yüksək qiymətləndirib.

Rəsmi nitqlərin ardınca tədbirin bədii hissəsi başlayıb.

Əvvəlcə Xalq artisti Pərviz Məmmədrzayevin quruluşunda kiçik tamaşa nümayişi olunub, ardınca musiqili kompozisiya təqdim edilib.

Bədii hissə ilə bərabər Bakıda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalı açıq elan olunub.

Qeyd edək ki, Beynəlxalq Xalça Festivalının əsas məqsədi Azərbaycanın xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival dünən keçirilən rəsmi hissəsindən əlavə olaraq, "İçərişəhər"in tarixi küçələrində iki gün davam edəcək. Qədim karvansaralarda və meydanlarda xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlər təşkil ediləcək.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcəklər.

Festival "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə keçirilir.

Son xəbərlər