SİZİN REKLAM BURADA!
055 213 76 73


2024-cü ildə Azərbaycan və Kamboca Krallığı arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir və sənəd yekun razılaşma mərhələsindədir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə deyib.

Onun sözlərinə görə, Kambocanın turizm naziri Sok Soken ilə bu yaxınlarda Pnompendə keçirilən görüşdə turizm marketinqi, təbliği və təhsili sahəsində bilik və təcrübə mübadiləsi potensialı müzakirə edilib ki, bu da ikitərəfli əməkdaşlığın dərinləşməsinə zəmin yarada bilər.

“Hər iki tərəf ölkələr arasında turizm axınının və mədəni mübadilənin artırılması üçün platforma rolunu oynaya biləcək bayram tədbirlərinin təşkilinə böyük maraq göstərib”, - səfir vurğulayıb.

Ş.Mehdizadənin sözlərinə görə, turizm əməkdaşlığının inkişafı çərçivəsində konkret marşrutların yaradılması, işgüzar turların təşkili, turoperatorlar və agentliklər arasında birbaşa əlaqələrin yaradılması və paytaxtlarda - Bakı və Pnompendə milli mətbəx restoranlarının açılması yolu ilə xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Ola bilsin ki, bu məhsullar arasında bir neçə ölkəyə - Vyetnam, Laos və Kambocaya kombinə edilmiş turlar da təşkil olunsun.

Gələcəkdə ölkələr arasında birbaşa reyslərin, o cümlədən çarter reyslərinin açılması istisna deyil, lakin bu gün Türkiyə və Qətər aviaşirkətləri xüsusi partnyorlardır”, - Ş.Mehdizadə bildirib.

Diplomatın fikrincə, ölkələr arasında əməkdaşlıqda maraqlı məqamlardan biri Kambocada Sovet dövründə Azərbaycanda təhsil almış keçmiş tələbələrdən ibarət Azərbaycan-Kamboca Dostluq Assosiasiyasının yaradılması ola bilər.

BAKU.WS