SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan dramaturqu, ictimai xadim Mirzə Fətəli Axundovun anım günüdür. Dahi yazıçının vəfatından 146 il ötür. 

Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində (Şəki şəhəri uzun müddət Nuxa da adlandırılıb) doğulub.

Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.

Gənc Fətəli burada məntiq və fiqh elmlərini öyrənir, lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilib.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirib.Dramaturq kimi şöhrətlənən M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası 1851-ci ildə Peterburqda ev teatrında , "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

M. F. Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: "Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar".

M. F. Axundzadə 1850–1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərib.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsənbəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb.

XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarıblar.

Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında aydındır ki, onun yaşadığı mühitin, tanış və ünsiyyətdə olduğu mütərəqqi ziyalıların, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin çox böyük təsiri olub.

Homer, Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Uilyam Şekspir, Cami, Puşkin və s. kimi klassiklərin əsərlərini mükəmməl bilməsi onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında çox böyük rol oynayıb.

M. F. Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənib, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olub. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşayıb.

Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşıb.

M. F. Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilən Q. Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olub.

O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə edib. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olub.

Bütün həyatını xalqının tərəqqisinə həsr edən M. F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə martın 9-da vəfat edib, öz vəsiyyətinə görə müəllimi M. Ş. Vazehin qəbri yanında dəfn olunub.

BAKU.WS