SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq artisti Yusif Vəliyevin anım günüdür. Bir çox filmləri səsləndirən, qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısının vəfatından 43 il ötür. 

BAKU.WS xəbər verir ki, Yusif Abdulla oğlu Vəliyev 1917-ci ilin martın 22-də Dərbənddə doğulub. 1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb.

Milli kinomuzda özünəməxsus iz qoyan aktyorun kinoda debütü 1955-ci ildə “Bəxtiyar” filmində çəkildiyi epizodik rolu olub. Bundan sonra rolların vizual şərhini dəqiq çatdırdığına görə rejissorlar ona ikinci planlı və baş rollar həvalə etməyə başladılar.

Aktyorun “Zirvə” filmində yaratdığı Bələdçi, “Nəsimi”də Teymurləng, “Qatır Məmməd”də halvaçı, “Tütək səsi”ndə Qılınc Qurban, “Bir cənub şəhəri”ndə Səfərəli, “Arxadan vurulan zərbə”də Qurd Cəbrayıl, “Uşaqlığın son gecəsi” filmində tikintidə baş iş icraçısı, “İstintaq davam edir”də Xudayar kimi obrazları psixoloji durum, ictimai mövqe baxımından fərqli, üslub və xaraktercə bənzərsizdirlər.

Yusif Vəliyev “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-dan artıq filmdə müxtəlif obrazlar qalereyası yaradıb. Özünəməxsus səs tembri olan sənətkar bir çox filmlərin səsləndirilməsində, dublyaj olunmasında da iştirak edib.

Aktyorun oynadığı filmlərin çoxu Azərbaycan kinosunun “qızıl fond”una daxildir. 

Uzunillik səhnə yaradıcılığında əldə etdiyi sənət nailiyyətlərinə, gənclərə örnək olan zəngin irs yaratdığına görə Yusif Vəliyev 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1979-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha uyğun idi. Yusif Vəliyev adi nağıl janrını əsərdəki personajı da dərin dramatizmlə cilalaya, mürəkkəb üslub elementlərindən məharətlə istifadə etməyə cəhd göstərən və istəyinə cəsarətlə nail olan sənətkar idi.

Mürəkkəb rolların ifasında janr sintezindən həssaslıqla istifadə edir, məqamından, vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verirdi. Təkbaşına səhnədə monoloq söyləyəndə də səhnə dolu və möhtəşəm təsir bağışlayırdı. Pauzalardan və səs tembrinin variasiyalarından istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər qazanırdı.

Ürək xəstəliyi və kəskin tromboz diaqnozu qoyulan aktyor 1 saylı şəhər xəstəxanasında yatır. 1980-ci il martın 18-də vəfat edən Yusif Vəliyev Bakıdakı yeni "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

BAKU.WS