SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün əməkdar artist, rejissor və bədii qiraət ustası Həsən Əblucun vəfatından 29 il ötür. 

BAKU.WS xəbər verir ki, Həsən Əbluc 1942-ci ilin aprelin 22-də Təbrizdə doğulub. 

O, uşaq yaşlarında olarkən ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc burada orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna qəbul olub.

Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib və Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.

Həsən Əbluc elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib.

Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib.

Bədii qiraət ustası kimi Azərbaycanın klassik və çağdaş şairlərinin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib.

Aktyorun "İstintaq" (film, 1979), "İyirmialtılar" (film, 1966), "Qanlı zəmi" (film, 1985), "Qara gölün cəngavərləri"(film 1984),
"Qaraca qız" (film, 1966), "Qatarda" (film, 1981) kimi filmlərdə müxtəlif obrazları və dublyajları ilə seçilib. 

Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc əməkdar artist fəxri adını almışdı. Aktyor 1994-cü ilin bu günü vəfat edib.

Həsən Əbluc kinorejissor Ənvər Əblucun qardaşıdır. Ənvər Əbluc onun haqqında "Həsən Əbluc" filmini lentə alıb.

BAKU.WS