SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan SSRİ-nin Əməkdar artisti Nəzakət Məmmədovanın doğum günüdür.

BAKU.WS xatırladır ki, Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyiblər.

Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur. O, 1971-ci ildə tamaşaçıların qarşısına "Leyli" obrazı ilə çıxır.

Nəzakət Məmmədova "Rast", "Qatar", "Şahnaz", "Segah", "Yaxın gəl", "Gəl, inad etmə böylə", "Azərbaycan gölləri" muğamları, mahnı və təsniflərinin ifaçısı kimi məşhurdur. O, Türkiyə, İran, Əfqanıstan, Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olub və səhnələrində çıxış edib.

Boynundakı qırışlardan azad olmaq istəyən Nəzakət Məmmədova bir müddət sonra Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviçə müraciət edir. Lakin əməliyyat zamanı həkim bıçaqla sənətkarın şah damarını kəsir və 21 oktyabr 1980-ci ildə Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il (5 il) azadlıqdan məhrum edilir.

Mügənni 1974-cü ildə Əməkdar artist adına layiq görülüb.

Nəzakət Məmmədova Bakıda Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Lakin illər sonra onun məzarı Bakıdan Gəncəyə, İmamzadə məzarlığına köçürülüb.

BAKU.WS