SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli aktyor və rejissor Həsənağa Turabovun anım günüdür.

BAKU.WS xəbər verir ki, Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında “Vahid” ("Kəndçi qızı"), "Azər" ("Yaxşı adam"), "Hamlet" ("Hamlet"), "Lionel" ("Orman qızı"), "İsgəndər" ("Ölülər"), "Xəyyam" ("Xəyyam") xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki "Gəray bəy" obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı "Afşin" roludur.

Həsənağa Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. "Qanlı zəmi" filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.

"Qanlı zəmi" filminin isə rejissoru olub. Əbdül Mahmudovla birlikdə çəkdiyi filmdə həm də baş rolu - Nəbi obrazını canlandırıb. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.

Xalq artisti filmlərə çəkilməklə yanaşı, bir çox filmləri səsləndirib. "Dağlarda döyüş", "Sən niyə susursan?", "Yenilməz batalyon", "Qaraca qız", "Bizim Cəbiş müəllim", "Gün keçdi" və s. kimi filmləri səsləndirib.

Həsənağa Turabov, eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib.

O, 23 fevral 2003-cü ildə 64 yaşında dünyasını dəyişib.

BAKU.WS