SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər bir ölkənin bəxşiş verməklə bağlı öz adətləri var. Bəzi ölkələrdə bəxşiş vermək ənənə ola bilər, lakin Yaponiyaya gəldikdə, yalnız bir qayda var: "çayevoy" verməyin!

BAKU.WS Haber Türk-ə istinadən Yaponiyanın maraqlı bəxşiş ənənəsini və turistlərin bilməli olduğu əsas məqamları təqdim edir:

"Yaponiyada bəxşişə ehtiyac yoxdur", - deyə Oku Japan turizm şirkətinin idarəedici direktoru Hiroşi Kavaquçi bildirir.

"Şimali Amerikadan fərqli olaraq, burada restoran işçiləri dolanmaq üçün "çayevoy"a ehtiyac duymurlar. Yaponiyada xidmət işi çox vaxt nümunəvidir, bəxşiş vermək çaşqınlıq yaradır. Ona görə də çox güman ki, işçilər nəzakətlə bəxşişdən imtina edəcək".

Bəxşiş verməyə çalışmaq ətrafınızdakı hər kəsi - sizi, işçiləri və yaxınlıqdakı insanları qəribə vəziyyətə qoyacaq. Daha da pisi odur ki, "çayevoy" vermək restorana qarşı təhqir kimi qəbul edilə bilər. Kavaquçinin sözlərinə görə, bunun əvəzinə, səbirli davranın, işçilərə hörmətlə yanaşın, yeməyi bitirdikdən sonra "arigatou gozaimasu" (təşəkkürlər) və ya "qochisousama deshita" (yemək üçün təşəkkürlər) deyin. Qərb ziyarətçilərinə nə qədər qəribə görünsə də, burada xidmət işçilərinin qazancları bəxşiş mədəniyyəti olan ölkələrdən daha yaxşıdır. Bu səbəbdən onlara qarşı həssas davranmağa və bəxşişə təşviq etməyə ehtiyac yoxdur.

Yaponiyanın ənənəvi biznes mədəniyyəti üzrə ekspert Aleks Bradşav deyir ki, "Yaxşı xidmət burada standartdır. Yaponların qonaqpərvərlik ruhu, müştərilər ehtiyaclarını dilə gətirməzdən əvvəl onu təxmin etməyə çalışır."

Bəs Yaponiyada bəxşiş nə zaman qəbul ediləndir?

Əgər bələdçili turdasınızsa bu zaman xidmət haqqının 10%-i qədər bəxşiş məqbuldur. Lakin nəğd pulu təhvil vermək əvəzinə, "şuqi bukuro" adlı pul zərflərinə qoymaq lazımdır. Yüksək səviyyəli Avropa restoran və mehmanxanalarında da fakturada aydın şəkildə qeyd olunmuş 10-15% xidmət haqqı qeyd oluna bilər. 

Baxmayaraq ki, texniki baxımdan bu, verməyi könüllü şəkildə istədiyiniz bəxşiş deyil. Ancaq, bəzi restoranlar istəsəniz də, istəməsəniz də, ilk dəfə oturduğunuz zaman hesaba servis haqqını əlavə edirlər. 

Yaponiyada nahar edərkən nəzərə alınmalı olan digər restoran qaydaları: 

"Yapon nəzakət qaydalarından xəbərsiz olan turistlərin səhvləri başa düşülsə də, səhv başa düşülə biləcək bir neçə şeyi yadda saxlamaq lazımdır" -  Kavaquçi deyir.

Burada rezervasiyanı ləğv etmək və ya xəbərdarlıq etmədən gəlməmək son dərəcə kobudluq sayılır. Kavaquçi həmçinin söyləyir ki, suşi və ya düyü yeməklərinin üzərinə soya sousu tökməkdən çəkinin. Çünki onlar bunun yeməyin təbii dadını gizlətdiyini düşünür. Sizə verilən nəm dəsmaldan da düzgün istifadə etməlisiniz. Bu, yeməkdən əvvəl əllərinizi təmizləmək üçündür. Nəhayət, ödəmə vaxtı gəldikdə, pulunuzu düzgün yerə qoyduğunuzdan əmin olun. 

Yaponiyada turistlərin ən böyük səhvlərindən biri:

Yaponiyada pul və ya kredit kartları insanlara birbaşa verilmir. Ödənişlərinizi sadəcə qarşınızdakı nimçədə qoya bilərsiniz.

BAKU.WS