SİZİN REKLAM BURADA!
055 213 76 73


Satıcını bıçaqla hədələyib, 900 manat oğurlayan şəxs 10 illik həbs edilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2018-ci il iyulun 22-də paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən aptekdə naməlum şəxsin 1978-ci il təvəllüdlü satıcı Elnarə Həsənovaya qarşı bıçaq tədbiq etməklə quldurluq yolu ilə 900 manat məbləğində nağd pulu ələ keçirib.

Ertəsi gün şübhəli şəxs qismində əvvəllər dəfələrlə məhkum olunmuş 1985-ci il təvəllüdlü Fuad Zeynallı saxlanılaraq istintaqa təhvil verilib.

Müəyyən edilib ki, 2018-ci il iyulun 22-si saat 23 radələrində Fuad Zeynallı H.Seyidzadə küçəsi, 27 ünvanında fəaliyyət göstərən aptekə müştəri qismində daxil olaraq satıcı işləyən Elnarə Həsənovadan piştaxtada qoyulmuş uşaq əmziyini verməsini istəyib. Satıcı onun müştəri olduğunu zənn edib aptekin girişinə tərəf gəlib, piştaxtadan istədiyi əmziyi götürərək satmaq üçün öz yerinə qayıdıb.

Bu zaman o, aptekdəki şəraiti nəzərdən keçirib, planlaşdırdığı niyyətini həyata keçirmək üçün üzərində olan bıçağı çıxarıb.

Kənar şəxslərin daxil olmasına icazə verilməyən, pulların və müxtəlif növ əczaçılıq mallarının saxlanıldığı, arakəsmə ilə əhatə olunmuş xüsusi yerə qədər Elnarə Həsənovanı arxadan təqib edib. Orada satıcıya çatıb, üzbəüz vəziyyətdə əlində tutduğu bıçaqla qadına davamlı hədələr etməklə psixoloji təzyiqlər göstərib, aptekdəki pulları ona verməsini tələb edib.

Hərəkətlərindən qorxaraq əmlakın talanmasına müqavimət göstərə bilməyən Elnarə Həsənovanın tam sakit qalmasına nail olduqda, özü pulların saxlanıldığı siyirmələri açıb.

Qanunsuz olaraq 900 manat məbləğində satışdan əldə edilən pulu talayıb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Fuad Zeynallı biri-birinə ziddiyyətli ifadələr verib. İlkin ifadələrində hadisə zamanı əlində ümumiyyətlə heç bir əşya olmadığını bildirib.

2018-ci ilin iyul ayında Seyidzadə küçəsində yerləşən paltar satışı dükanından özünə paltar alıb. Çıxanda bir qədər aşağıda yerləşən aptek onun diqqətini cəlb edib və qərara gəlib ki, bir gün orada işləyən satıcını qorxudaraq pul ələ keçirsin.

Cinayəti həyata keçirmək üçün həmin apteki izləməyə başlayıb. Ona məlum olub ki, hər gecə saat 24 radələrində bir qadın həmin apteki bağlayır və yaşlı kişi ilə evinə gedir.

Hadisədən 1 gün əvvəl o, müştəri qismində aptekə daxil olub ağrıkəsici dərman alıb. İyulun 22-də aptekin qarşısına gələrək 1 saata qədər oranı kənardan izləyib. Daha sonra içəri girərək piştaxtanın qarşısında dayanıb. Satıcıdan ona uşaq əmziyi verməsini istəyib. Daha sonra cinayət əməlini gerçəkləşdirib.

Aptekdən çıxıb, 4-cü mikrorayon tərəfə qaçıb. Sonra “20 yanvar” metrostansiyasının yanında taksiyə əyləşərək Xırdalan şəhərinə gedib. Ələ keçirdiyi pulları cibindən çıxarıb saydıqda 900 manat civarında olduğunu görüb.

Evdə həyat yoldaşına törətdiyi cinayətlə bağlı heç nə danışmayıb, pulları cibindən çıxarıb, dolabdakı pencəyinin cibinə qoyub yatıb. Səhər 400 manat götürüb, evdən çıxıb, borclu olduğu 2 nəfərə ümumilikdə 265 manat qaytarıb. Həmin gün 4-cü mkr. ərazisində polis əməkdaşları onu saxlayıb.

Zərərçəkmiş Elnarə Həsənova ifadəsində göstərib ki, iyulun 22-də piştaxtanın qapısını maqnit açarla bağlayıb, satıcı yerinə qayıdanda Fuad Zeynallı tez getmək məqsədi ilə əli ilə arxadan elə bil kürəyinə nə isə dirəyib. O diksinib və tez aralanmaq üçün qabağa qaçıb.

Cinayətkar arxasınca müştərilərin girişi qadağan olunan yerə daxil olub. Arxaya çevriləndə görüb ki, Fuad Zeynallı bıçağı nümayiş etdirib və tiyəsini ona istiqamətləndirib.

Fuad oğurluq törədib aptekdən gedəndə aptekin müdirinə və polisə zəng edərək hadisə barədə məlumat verib.

Məhkəmə nəticəyə gəlib ki, Fuad Zeynallı CM-nin 181.2.3-cü və 181.2.5-ci (quldurluq yaşayış sahəsinə, habelə binaya qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) maddələri ilə təqsirlidir və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO

QALEREYA