Öncəliklə bu günlərin mövzusu olan küçə itləri və içəri şəhərdə tarixi qalanın sökülməsi müzakirələrinizi böldüyüm üçün üzr istəyirəm. Çünki mənim sizinlə bölüşmək istədiyim başqa mövzu var. Nə bu günün, nə dünənin, nə də sabahın gündəmi olmayan, əslində isə böyük problem kimi gənclərin yaşadığı ilişki durumları.

Biz 80 və 90-ların uşaqları gözümüzü açandan ailədə, qonşuda, təhsil aldığımız müəssisələrdə daima şüuraltı olaraq mentalitet, əxlaq dəyərləri və s. bu kimi psixoloji təzyiqlər, qadağalar altında böyümüşük. Bizi əslində ailələrimiz qətlə yetirib. Biz hələ də 30 yaşında sərbəstliyi, azadlığı dərk edə bilmirik. 

Biz hələ də fikrimizi səlis şəkildə ifadə etməyə çətinlik çəkirik. Biz hələ də ailə qurmaq üçün qız seçəndə əvvəlcə valideynlərimizi, yeddi nəsil o tərəfəni, qohum-qonşunu razı salıb sonra o qızla evlənirik. Evlənirik də deyirəm, əslində bilirikmi? Bu mövzuda əziyyət çəkən biz qadınlarıq. 

Cəmiyyətimizin mentallığa olan düşkünlüyü ən çox biz qadınları əzir. Əgər qadınsansa sevgi mövzularında birmənalı olaraq bəxtin gətirməyəcək. Bəzi müsəlman kişilərimiz hələ də 21-ci əsrdə nə istədiklərini bilmirlər. Məsələn, sən əgər bir oğlanla sevgi münasibətləri qurmusansa bir müddətdən sonra o sənə “Məni nə vaxt xoşbəxt edəcəksən?” kimi, atında intim mənalar yatan suallar verəcək. 

Sən də bu mentalitetpərvər cəmiyyətin nümayəndəsi olan qız uşağı kimi bakirəliyini itirməkdən qorxub suala mənfi cavab versən sevdiyin şəxsi də itirəcəksən. Yox, əgər sən özünü komplekssiz, müasir "kafalı" biri kimi aparıb onun “xoşbəxt”liyinə yardım etsən həmin an onun üçün ən yaxşı qadın olacaqsan. 

Bəli, həmin an... bəzən bu münasibətiniz bir az uzana da bilər. Amma əmin olun ki, o kişi belə bir qadınla evlənmək niyyətində olmayacaq. Bizim müsəlman kişilərə görə evlənməyənə qədər onunla yatağa girən qadın “fahişə”dir, ən yaxşı halda “qaqaş, sənlik qız deyil, yenə də özün bilərsən”dir. 

Heç kəsə sənin vicdanın, mədəniyyətin, sevgin, hisslərin maraqlı olmayacaq. Əlbəttə ki, istisnalar qaydaları dəyişmir. Hisslərin böhranı yaşanan bu cəmiyyətdə indi biz qadınlar nə edək? əminəm ki, bu suallarıma pafoslu cavab verənlərin sayı səmimi olaraq susanlardan daha çox olacaq.
 
Qərb bu gün təhsili, mədəniyyəti, düşüncə tərzi ilə çoxdan heç kimə lazım olmayan, arxaikləşmiş bu dəyərləri aşıb. Onların yeniyetmələri öz ifadə tərzi ilə bu gün bizim bir çoxumuzu geridə qoyur. 16-18 yaşından sərbəst böyüyən, qərarlarını özü verən insanlardan fərqli olaraq biz bu gün 30-40 yaşımızda da ailəyə hesab veririk. Mənə görə məsləhət vermək ən böyük tərbiyəsizlikdir ki, bunu da hamımız yaxşı bacarırıq. Biz azadlığımızın sərhədlərini müəyyənləşdirə bilmədiyimiz üçün bəzən ipdən buraxılmış danaya oxşayırıq. 

Xüsusilə bu mövzuda yenə qadınları nümunə çəkəcəyəm. Qadın olaraq həftəsonları necə istirahət edirsiz? Yaxşı halda bahalı bir restorana gedir, gözəl musiqi dinləyib, dostlarınızla deyib gülüb, sonra da şəkil çəkib paylaşırsınız. Restoran demiş, bu bahalı məkanlar da son zamanlar təkcə qarnını deyil, həm də ürəyini doyduranların ünvanına çevrilib. Dəfələrcə şahidi olmuşam. Gənc qızlar təkcə menuda yemək axtarmır. Onlar  bu ünvanlarda həm də dişə dəyən yaxşı pullu, yaraşıqlı oğlanlarla da tanış ola bilirlər. 

Menunun qiyməti artdıqca yaraşıqlının da kateqoriyası dəyişir. Münasibətlərinin neçə saat və ya neçə ay davam etməsi barədə yalan deyərəm. Amma 20 il bundan öncə yaşanan münasibət, sevgi dəyərləri bu gün tamam başqa müstəvi üzərində inkişaf etməkdədir. Günümüzün insanları daha gec evlənməyə, bəzən isə evlənməməyə üstünlük verir. 

Indi nə maraqlar, nə də sevgilər şeirlərdəki qədər müqəddəs və saf deyil. Bəlkə heç o zamanlar da belə olmayıb. Yaranmış şərait hər şeyin şəffaf görünməsinə indi daha çox səbəb olub. seçimlər çoxaldıqca və dəyər artdıqca insan daha çox tənhalaşır. Itirən kimdir? Bax əsl sual isə budur!

Yeganə Cansail
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ