SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.

"Report"un xəbərinə görə, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.

Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.

Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.

Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.

Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşbaz, texniki işçilər və b. da ezam olunub.

Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.

BAKU.WS
QALEREYA