SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanın azad edilmiş torpaqlarının reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.

“Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi bu istiqamətdə prioritetlərin həyata keçirilməsi ilə bağlı çətinliklər yaradır. Bu ilin martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID 19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Azərbaycan Prezidenti tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.

Bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə milli 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilib, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib”, - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir:

“Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir, mühüm infrastruktur layihələri həyata keçirilir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində, o cümlədən hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıb.

Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir”.

S.Məmmədov bildirib ki, son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxıb.

“Məhz bu məqsədlə işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən sözügedən amillər ətraflı araşdırılıb, onların mümkün təsirləri təhlil edilib, BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb”, - nazir müavini deyib.

BAKU.WS