SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistanın növbəti təxribatı nəticəsində minaya düşərək yaralanan hərbi qulluqçularımız Laçın yolu vasitəsilə təxliyə olunub.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, minaya düşən 3 hərbi qulluqçumuza hadisə baş verən zaman təxirəsalınmaz tibbi yardım göstərilib.

Dərhal hərbi qulluqçularımız hərbi tibbi yardım maşınları vasitəsilə yaxınlıqda olan tibb müəssisələrindən birinə aparılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.

Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Qeyd olunmalıdır ki, Azərbaycan tərəfinin sülh çağırışlarına baxmayaraq, bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə Ermənistanın mina basdırması üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir. Erməni təxribatına sülhməramlıların göz yumması onların vəzifələrini icra etmədiyinin sübutudur.

BAKU.WS
QALEREYA