Torpağı alıb "şambo" quyularını bağladılar - Bu ərazidə 4 aydır kanalizasiya küçəyə axır

Torpağı alıb şambo quyularını bağladılar - Bu ərazidə 4 aydır kanalizasiya küçəyə axır
Video
Hadisə 191

Abşeron rayonunun Məmməd Əsədov küçəsində, "Fatmayı Bağları" adlanan ərazidə artıq dörd aydır kanalizasiya suları küçəyə axır.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə müraciətdə məlumat verib.

Bildirilib ki, vəziyyət getdikcə dözülməz hal alır, iy-qoxu və antisanitariya şəraiti gündəlik həyatı çətinləşdirir.

Sakinlərin iddiasına görə, problem torpaq mülkiyyəti ilə bağlı yaranıb. Belə ki, kanalizasiya xətti həmin ərazidən keçdiyi üçün, torpağı yeni alan şəxs xətdən keçidin qarşısını bağlayıb. O, iddia edir ki, "öz torpağından kanalizasiya keçməsini istəmir". Nəticədə bütün tullantı suları yollara axır, yaşayış evlərinin qarşısında gölməçələr əmələ gəlib.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik.

Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tullantı su şəbəkəsi mövcud deyil. Ərazidən heç bir kanalizasiya xətti keçmir. Orada bəzi sakinlər əvvəllər mövcud olmuş istirahət mərkəzinin şambo quyularına tullantı sularını axıdırdılar.

O da vurğulanıb ki, hazırda o ərazi şəxsi mülkiyyətə çevrilib, mülkiyyət sahibi quyunun fəaliyyətini dayandırıb. Bütün bu proseslərin Xidmətlə heç bir əlaqəsi yoxdur:

"Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə ətrafda xoşagəlməz qoxu və mənzərə yaratmamaq üçün həmçinin mövcud su hövzələrini çirkləndirməmək məqsədilə tövsiyə edilir ki, şəbəkənin qurulacağı müddətə qədər hər bir həyətyanı sahədə fərdi "şambo" və ya septik quyulardan istifadə edilsin".

Son olaraq qeyd edilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb.

"Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə açıqlamada deyilir.

Banu Hüseynli

Son xəbərlər