Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ
Masallı rayonunun Boradigah qəsəbəsində səkkizinci sinif şagirdi özündən iki sinif yuxarı oxuyan tanışını xüsusi amansızlıqla öldürməyə cəhd edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə bir neçə ay əvvəl Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin həyətində baş verən hadisə ilə bağlı açılmış cinayət işi üzrə hökm verib.
İstintaq materiallarında qeyd olunub ki, İnqilab Məmmədov adına 2 saylı tam orta məktəbdə təhsil alan Fuad Babayevlə (yeniyetmələrin ad-soyadları şərtidir - red.) eyni qəsəbədə yerləşən 1 saylı məktəbin 10-cu sinfində oxuyan Loğman Səmədli arasında mübahisə yaranıb. Fuad dostundan eşidib ki, Loğmanın onun qohumu olan qızdan xoşu gəlir və dərsdən sonra onun arxasıyca düşür.
F.Babayev məsələni aydınlaşdırmaq üçün Loğmanla söhbət edərək ondan bu davranışları dayandırmağı tələb edib. Eyni məsələ ilə bağlı sonrakı görüşlərin birində isə tərəflər bir-birlərinə söyüşlər işlədiblər. Söhbətin artıq böyüdüyünü düşünən Fuadla Loğman aralarındakı məsələni birdəfəlik yekunlaşdırmaq üçün sonuncunun təhsil aldığı məktəbin həyətindəki futbol meydançasında əlbəyaxa dava ediblər. Bu vaxt Fuad cibində gətirdiyi mətbəx bıçağı ilə Loğmana bir neçə dəfə zərbə vurub.
Prokurorluq cinayətin xüsusi amansızlıqla törədildiyi qənaətinə gələrkən zərərçəkmişin yaralı vəziyyətdə onu öldürməməsi üçün aman diləməsini də əsas gətirib. Səs-küyə gələn məktəb direktorunun və digərlərinin müdaxiləsi nəticəsində faciəli ölümün reallaşmasının qarşısı alınıb. Cinayət törədən şagird isə qorxub hadisə yerindən qaçsa da, polis əməkdaşları qısa müddətdə onu tutub istintaqa təhvil veriblər.
Sinif otağından məhkəmə zalına keçid edən məktəbli təqsirini etiraf edib, amma əməlinin xüsusi amansızlıq kimi qeydə alınması ilə razılaşmayıb. Müdafiə tərəfi ittihamın sanksiya həddi daha yüngül olan qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, Fuadın onu bıçaqlamasına səbəb söyüşlərdən sonra aralarında yaranmış anlaşılmazlıq olub. Amma bıçaqla vurmaqda məqsədinin onu öldürmək olub-olmadığını bilmir. O, əlavə olaraq təqsirləndirilən şəxs və ailəsi ilə barışdıqlarını, hazırda heç bir şikayət və tələblərinin olmadığını bəyan edib.
Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ
Hakimlər məktəbin direktoru Emil Vahabovu və hadisə şahidi olan digər şagirdləri də məhkəmə zalında bir-bir dindiriblər. Direktor ifadəsində şagirdini vuran oğlanı tanımadığını, niyə belə etdiyini soruşduqda isə qaçıb getdiyini deyib.
Məhkəmə kollegiyası yekunda hadisənin sadə bir dava deyil, xüsusi amansızlıqla törədilən cinayət olduğunu təsdiq edib.
Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslərə ən ağır şəkildə cinayət törətsə belə, 10 ildən artıq cəza təyin edilə bilməz. Bu tələb nəzərə alınmaqla, təqsirli bilinən məktəbliyə beş il səkkiz ay 15 gün azadlıqdan məhrumetmə cəzası verilib.
Oxşar xəbərlər
Masazırda yanğında ölən qadının oğlu: "Anam 31 il əvvəl metroda baş verən hadisədə yanıq xəsarəti almışdı, heç kimi tanımırdı"
"Evə qayıdanda gördüm ki, hər şey yanıb kül olub". BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, bunu Abşeron rayonunun Masazır qəsəbəsində yanğın zamanı həyatı...