Ev dustaqlığına buraxılan tiktokerlərə niyə elektron qolbaq tətbiq edilməyib?

Ötən ilin sonundan etibarən sosial şəbəkələrdə əxlaqsızlıq və narkotik vasitələrin təbliğində təqsirləndirilən bəzi tiktokerlər saxlanılıblar və barələrində cinayət işləri başlanılıb.
Həmin tiktokerlərdən bəzisi barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılaraq həbsdə saxlanılsa da, bəzisi ev dustaqlığına buraxılıb.
Tiktokerlərdən Nurdan Yusifova, Duanna Quliyeva və Fatimə Şeydəbəyova Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilsələr də, hazırda ev dustaqlığındadırlar.
Məlumata görə, həmin şəxslər istintaq dövründə polis nəzarətində olmalarına baxmayaraq, onlara elektron qolbaq nəzarət mexanizmi tətbiq edilməyib.
Təqsirləndirilən şəxslərə hansı halda elektron qolbaq tətbiq edilir və bu hansı amillə əsaslandırılır?
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayev bildirib ki, istintaq dövründə ev dustaqlığına buraxılan təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi tətbiq edilməlidir:
"Cinayət Prosessual Məcəllənin 163-cü maddəsinə görə, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.
Məcəlləyə əsasən, ev dustaqlığına buraxılan şəxsə elektron nəzarət vasitəsi tətbiq edilməli və həmin cihaz vasitəsilə onun yaşayış yeri və hərəkət trayektoriyası nəzarətdə saxlanılmalıdır. İstintaq dövründə ev dustaqlığına buraxılmış həmin tiktokerlərə də bu nəzarət vasitəsi tətbiq edilməlidir".
Həmin tiktokerlərin barəsində ev dustaqlığı qərarları çıxarılan Binəqədi Rayon Məhkəməsindən isə Oxu.az-a bildirilib ki, adətən istintaq dövründə ev dustaqlığına buraxılan təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmir:
"İstintaq dövründə təqsirləndirilən şəxs ev dustaqlığına buraxılırsa, o, yaşadığı ərazi üzrə polis nəzarətinə verilir və istintaq dövründə həmin şəxs nəzarətdə saxlanılır. İstintaq başa çatandan sonra təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması qərarı verilərsə, bundan sonra həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilir və cəza müddəti başa çatana qədər həmin vasitə məhkumun üzərində saxlanılır".
Fotoda Nurdan Yusifova və Duanna Quliyeva

Oxşar xəbərlər
Zabratda avtomobil təmiri sexindəki yanğın söndürülüb - YENİLƏNİB
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmə...