Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK
Böyük zəhmət və əziyyətlə pul yığıb, yaxud bankdan kredit götürüb yeni tikilidən mənzil alırsınız. Lakin illər keçsə də, mənzilinizə çıxarış ala bilmirsiniz. Nəticədə öz evinizdə hüquqi baxımdan sanki qonaq kimi yaşayırsınız.
Baku TV-nin məlumatına görə, söhbət Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 34 ünvanında yerləşən "Atlas" MTK-nın inşa etdiyi yaşayış binasından gedir.
Sakinlərin sözlərinə görə, bina artıq altı ildən çoxdur istismar olunsa da, mənzillərə çıxarış verilmir. Şikayətçilər bildirirlər ki, mənzilləri alarkən onlara qısa müddət ərzində çıxarışların təqdim olunacağı vəd edilib.
Amma üstündən illər keçməsinə baxmayaraq, bu problem həllini tapmayıb. İddialara görə, binanın layihəsi 16 mərtəbə üçün təsdiqlənsə də, sonradan əlavə iki mərtəbə tikilib. Məhz buna görə bina istismara qəbul olunmur və mənzillərə çıxarış verilmir.
Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən yaşayış binasının tikintisi "Atlas Plaza" MMC-yə verilmiş icazə əsasında həyata keçirilib. Lakin şirkət razılaşdırılmış layihədən kənara çıxaraq əlavə mərtəbələr inşa etdiyindən istismara hazırlıq aktı rəsmiləşdirilməyib.
Qurumun məlumatına görə, yaşayış binasının mövcud vəziyyəti aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalı, əlavə tikinti ilə bağlı müvafiq icazələr alınmalıdır. Daha sonra binanın istismara qəbul edilməsi məsələsinə baxıla bilər.
Oxşar xəbərlər
Sumqayıtda yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report...