Bakıda DAVA - Azərbaycanlı və iranlı qadınlar türkiyəli kişi üstündə əlbəyaxa oldu
 
                            Bakının Nərimanov rayonunda İran İslam Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Mahnaz xuliqanlıqda ittiham edilib.
BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə ötən il martın 19-da baş verib.
Mahnaz həmin gün saat 19:00-da Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin inzibati binasının daxilindəki giriş hissədə Qərənfillə (adlar şərti verilib - red.) mübahisə edib. Mübahisəyə səbəb İran vətəndaşının polisə şikayət etməsi olub.
Mahnaz polisə şikayət edərək münasibətdə olduğu Türkiyə vətəndaşı Sinanla olan avtomobil və ev mübahisəsini öz xeyrinə həll etmək istəyib. Bu zaman Sinan polis şöbəsinə münasibətdə olduğu digər qadınla - Qərənfillə gəlib. İki qadın arasında mübahisə zamanı Mahnaz Qərənfilə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Mahnazın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahnaz ittiham üzrə özünü günahkar bilməyib. Bildirib ki, zərərçəkmişi əvvəllər tanımayıb:
"Hadisədən təxminən 5-6 ay əvvəl Nərimanov rayonunda mənzil aldım və orada yaşamağa başladım. Hadisədən iki-üç həftə əvvəl Türkiyəyə gedəndə mənzilin açarını Bakıda yaşayan və Türkiyə vətəndaşı olan tanışım Sinana verdim. Sinan da açarı Qərənfilə verdi və onlar birlikdə mənzildə yaşamağa başladılar".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü il martın 19-da İstanbul şəhərində olan zaman Qərənfilin istifadə etdiyi mobil telefondan ofisdə işlətdiyi mobil nömrəyə özünün tamamilə çılpaq, lakin sifəti görünməyən video görüntülərini göndərib:
"Məlum oldu ki, həmin görüntülər Bakı şəhərində olan yaşadığım mənzildən göndərilib. Dərhal Sinana zəng edərək bu barədə ona bildirdim. Sinan isə məni təhqir etdi. Həmin gün dərhal Bakı şəhərinə gəldim.
Mənimlə Sinan arasında avtomobillə əlaqədar mübahisələrimiz olduğu üçün Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək məlumat verdim. Bundan sonra 16-cı Polis Şöbəsinə getdim. Mənim şöbəyə dəvət olunmağımın səbəbi Bakı şəhərində işlətdiyim ofisin həmin şöbənin yaxınlığında yerləşməsi olub.
Polis şöbəsindən Sinanı da ora dəvət etdilər. O da Qərənfillə şöbəyə gəldi. Qərənfil şöbəyə gələn kimi məni nalayiq sözlərlə təhqir etməyə başladı, atamın ünvanına "qurumsaq" dedi. Qərənfil atama "qurumsaq" deyəndə 36 saat yol gələrək psixoloji vəziyyətim pis olduğundan onun üzərinə getdim, iki əlimlə ağzını bağlamaq istədim. Amma ona xəsarət yetirmədim".
İş üzrə zərərçəkmiş Qərənfilin sözlərinə görə, 2024-cü il martın 19-da Türkiyə vətəndaşı olan tanışı Sinan vasitəsilə Leyli kimi tanıdığı, sonradan adının Mahnaz olduğunu bildiyi şəxs 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət edib: "Şikayətində bildirib ki, guya ona zəng edərək nalayiq ifadələrlə təhqir etmişəm.
Mahnazı Sinan vasitəsilə tanımışam. Sinanla isə təxminən 2019-cu ildən Türkiyədə olarkən işlə bağlı tanış olmuşam. Bundan sonra mobil telefon vasitəsilə sıx əlaqə saxladıq. Təxminən 7 ay sonra Sinan Bakıya gəzməyə gələndə görüşdük".
Zərərçəkmiş şəxsin ifadəsinə görə, Sinanla evdə olarkən onun telefonuna baxıb:
"Bu zaman Mahnazla SMS yazışmalarını gördüm və nömrəsini telefondan götürdüm. 2024-cü il martın 16-da öz mobil telefonumla Mahnaza zəng etdim və Sinanın mənimlə evli olduğunu bildirdim, bir də onunla görüşməməyini dedim. Mobil telefonda mübahisələrimiz olub.
Mahnazın şikayəti əsasında məni və Sinanı polis şöbəsinə dəvət etdilər. Şöbənin daxilində Mahnaz mənim də ona qarşı etdiyim şikayət səbəbindən əsasız hiddətləndi, qəflətən üzərimə hücum edərək hər iki əli ilə yuxarıdan aşağı üz nahiyəmə, sağ çiynimə zərbə endirdi. Məni onun əlindən Sinan aldı".
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilib. O, aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla bir il müddətə islah işləri cəzası alıb.
Zərərçəkmiş şəxsin mülki iddiası qismin təmin olunub. Təqsirləndirilən şəxsdən mənəvi zərərə görə 500 manat və 100 manat dövlət rüsumunun tutulması, cəmi 600 manat mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilib.
Hökmdən zərərçəkmiş şəxs və onun vəkili apellyasiya şikayəti veriblər. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməsini, ona ən ağır cəza verilməsini və mülki iddianın tam təmin olunmasını istəyiblər.
Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.
Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Həm zərərçəkmiş tərəfin, həm də təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.
Oxşar xəbərlər
"Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI
Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Hadisəni qadının 17...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    