Bakı-Novosibirsk reysi iki dəfə təxirə salınıb

30 may 2025-ci il tarixində S7 Hava Yollarının Bakı–Novosibirsk reysi texniki səbəblərdən iki dəfə təxirə salınıb.
Bu barədə sərnişinlər BAKU.WS-in"qaynar xətti"nə bildiriblər. Qeyd edilib ki, reysin planlaşdırılan uçuş vaxtı saat 14:50 olub. Lakin texniki nasazlıq səbəbindən uçuş baş tutmayıb. Axşam saat 21:00-da eyni təyyarə ilə yenidən uçuşa cəhd edilib. Lakin yenə təyyarə havaya qalxmayıb.
Sərnişinlər bildiriblər ki, bu zaman isə təyyarə daxilində tüstü və yanmış rezinə bənzər qoxu hiss olunub.
Hadisə barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, 30 may 2025-ci il tarixində S7 Hava Yollarının Bakı-Novosibirsk reysi texniki səbəblərdən iki dəfə təxirə salınıb.
"Hər iki halda hava gəmisində nasazlıq aşkar olunub, ikinci cəhddə isə təyyarə trap yığılmasından sonra hərəkət etmədən dayanacağa qaytarılıb.
Bəzi sərnişinlər tərəfindən tüstü və yanıq qoxusu hiss olunduğu bildirilib. Məsələ ilə bağlı texniki qiymətləndirmə aviaşirkət tərəfindən aparılır. İlkin məlumata görə, nasazlıq əyləc sistemində qeydə alınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin narahatlığını anlayışla qarşılayır. Bizim üçün təhlükəsizlik əsas prioritetdir və yalnız texniki baxımdan tam uyğunluq olduqda uçuşa icazə verilir".
Qeyd edək ki, aviaşirkət tərəfindən reysin ilkin olaraq 31 may saat 05:20-də digər hava gəmisilə həyata keçirilməsi planlaşdırılır. Əlavə məlumat üçün sərnişinlərə S7 Hava Yollarına müraciət etmələri tövsiyə olunur.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ baş verdi
İyunun 4-də Lerik rayonunda baş verən zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumata görə, Azərbaycan Milli...
