AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion məktubun mətni

"Minval.az" saytının redaksiyasına daxil olan anonim məktubda 25 dekabr 2024-cü ildə Qroznıya yaxınlaşarkən vurulan AZAL-a məxsus Embraer E190 təyyarəsi ilə bağlı sensasion detallar yer alıb.
BAKU.WS "Minval.az"a istinadən xəbər verir ki, məktubda Rusiya Müdafiə Nazirliyinin əmri ilə təyyarəyə atəş açıldığı iddia edilir.
Materiallara kapitanın izahat məktubu, hadisə anına dair video və səs yazıları, eləcə də texnikanın nasaz vəziyyətdə olması ilə bağlı detallı məlumatlar daxildir.
Kapitanın izahatında deyilir:
"Sual olunan məsələlərlə bağlı bildirirəm ki, mən, kapitan Paladiçuk Dmitri Sergeyeviç, BM №274-ün komandiri, döyüş növbətçisi olaraq 24.12.2024-dən 25.12.2024 tarixlərinədək Qroznı şəhərinin hava məkanının müdafiəsində xidmət aparmışam.
25 dekabr saat 05:40-da birinci dərəcəli hazırlıq vəziyyətinə keçmək əmri aldım.
05:48-də mobil telefon vasitəsilə komandanlığa hazırlıq barədə məlumat verdim. Təəssüf ki, mövqedə mobil əlaqə çox zəif idi, digər rabitə vasitələri isə işlək deyildi.
Optik lif xətləri çəkilmişdi, lakin terminala qoşulmamışdı. Rəqəmsal telefon aparatımız da yox idi.
08:11-də radar vasitəsilə şübhəli hava hədəfi aşkarlandı və dəqiq izlənməyə götürüldü. Bu barədə 51-ci diviziyanın komanda məntəqəsinə məlumat verdim.
08:13-də hədəfin yenilənmiş koordinatlarını verdim: α = 338°, məsafə = 7000 m, hündürlük = 490 m, sürət = 118 m/s, istiqamət = 230°.
Telefon vasitəsilə mənə "hədəfi məhv et" komandası verildi. Görünüş sıfır idi, duman çox sıx idi, bunu da komanda məntəqəsinə bildirdim.
08:13:30-da operatora atəş açmaq əmri verdim. 08:13:33-də raket buraxıldı. 08:13:47-də idarəetmə sistemi hədəfin ötürüldüyünü göstərdi. 08:13:48-də ikinci dəfə atəş açmaq əmri verdim.
Birinci raket atıldıqda hədəfin koordinatları: α = 319°, məsafə = 7300 m, hündürlük = 697 m, sürət = 80 m/s idi.
İkinci raket buraxılarkən isə hədəfin göstəriciləri: α = 311°, məsafə = 8000 m, hündürlük = 1300 m, sürət = 120 m/s olmuşdur".
Eyni zamanda, Minval.Az redaksiyası qeyd edir:
"Biz bu məktubun həqiqi olduğunu iddia etmirik, baxmayaraq ki, sənəd kapitanın imzası ilə təsdiqlənib. Lakin onun mövcudluq faktı, habelə bu sənədin artıq yarım ildir davam edən istintaq və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onu dərc etməyə bizi vadar edir. Üstəlik, əldə edilən məlumatlar Azərbaycan Respublikasının hadisənin araşdırılması ilə məşğul olan müvafiq orqanları üçün də mühüm mənbə ola bilər. Üç səsli mesajdan ibarət audioyazı isə məktubun məzmununu təsdiqləyən real sübut kimi təqdim olunur. Danışıqların tam deşifrə versiyasını vermirik - bu iş istintaq orqanlarının səlahiyyətindədir. Lakin onu deyə bilərik ki, hər üç səs mesajında əmrin verildiyi, iki dəfə atəş açıldığı və raket parçalarının təyyarəni zədələdiyi bildirilir. Aydındır ki, bu məlumatların ciddi şəkildə araşdırılmasına ehtiyac var və müvafiq strukturlar bu imkanı əldən verməyəcəklər".

Oxşar xəbərlər
Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Mingəçevirdə 34 yaşlı kişini ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Samir Nəbiyev...
