ADY: Son 9 ildə qatarın qarşısına qəfil çıxan 14 nəfər ölüb

ADY: Son 9 ildə qatarın qarşısına qəfil çıxan 14 nəfər ölüb
Hadisə 35

Son 9 ildə Azərbaycanda qatarın qarşısına qəfil insan çıxması nəticəsində 48 toqquşma hadisəsi olub, 14 nəfər ölüb, 31 nəfər isə ciddi bədən xəsarəti alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

"Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb. Xüsusilə Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə xətləri arasındakı ərazidə məskunlaşmış insanlar ciddi təhlükə ilə üz-üzədir. Nəzərə alsaq ki, hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür, bu halda burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar.

Xüsusilə bu ərazidə baş verən hər hansı yanğın və ya qəza hadisəsi zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil ola bilməməsi hadisələrin miqyasının genişlənməsinə və təəssüf ki, insan tələfatı ilə nəticələnən çox böyük fəlakətə gətirib çıxara bilər", - deyə o qeyd edib.

Son xəbərlər