Azərbaycan Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” 24 may 2018-ci il tarixli 137 saylı sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən 25 may tarixində başa çatdırılıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Penitensiar Xidmətin müəssisələrində bu humanist aktın mahiyyəti və əhəmiyyəti barədə qurumun Baş idarəsinin məsul əməkdaşları məhkumlar qarşısında çıxış edib, izahat işləri aparıblar. Əfv sərəncamının icrasının geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Əfv Komissiyasının və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri, ictimai birlik və çoxsaylı kütləvi vasitələrinin nümayəndələri iştirak ediblər.

Əfvin icrası müəssisələrdə məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə mütəşəkkil və təntənəli şəraitdə başa çatdırılıb.

Sərəncam ümumilikdə 634 məhkuma şamil olunub. Onlardan 607 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv olunan 39 xarici ölkə vətəndaşının, o cümlədən 3 nəfər vətəndaşlığı olmayan şəxsin azad olunduqdan dərhal sonra Dövlət Miqrasiya Xidmətinə təhvil verilməsi təmin edilib.

Əfv sərəncamı tətbiq edilmiş şəxslərə azad olunma haqqında müvafiq arayışlar təqdim olunub, onlara yardımlar göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib.

Əfv sərəncamı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları tətbiq olunan bu humanist aktı imzalayan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

BAKU.WS