SİZİN REKLAM BURADA!
055 213 76 73



Slovakiyanın mədəniyyət naziri Marek Madariç fevralın 28-də gözlənilmədən istefa verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hakim Slovakiya Sosial-Demokratlar Partiyasına (SMER) mənsub olan nazir vəzifədən getməsini üç gün öncə nişanlısı ilə birlikdə qətlə yetirilmiş araşdırmaçı jurnalist Yan Kuçiakın ölümü ilə əlaqəli olduğunu bəyan edib. Hökumətdə mediaya ən yaxın nazirliyin onun rəhbərliyi altında olduğunu qeyd edən M. Madariç baş verən hadisədən sonra öz nazir kreslosunda rahat otura biləcəyini təsəvvür etmədiyini vurğulayıb.

Müxalifət partiyaları isə daxili işlər nazirinin də istefasını tələb ediblər. Onlar naziri Yan Kuçiaka qarşı konkret hədələrin olmasına baxmayaraq, jurnalisti mühafizə etməməkdə günahlandırıblar.

Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.

Slovakiyanın Baş naziri Robert Fitso isə cinayətkarların tapılması üçün bir milyon avro dəyərində mükafat veriləcəyini elan edib.

İman
BAKU.WS