22.01.2018 tarixində 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu VAZ 2107 markalı minik avtomobili ilə toqquşub.

Bakı Nəqliyyat Agentliyi BAKU.WS-ə məlumata görə, qəza VAZ 2107 markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Agentlik bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə aydınlıq gətirərək bildirilib ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. İnformasiya hazırlayarkən bu məqamın nəzərə alınması tövsiyə edilir. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir.

BAKU.WS