SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Nəsimi ray., Həsən Əliyev küç. 1061-ci kvartalda yerləşən "İlin Dörd Fəsli" MTK-nın binasında yaşayırıq. 2007-ci ildən bu binada sakinlər yaşamağa başlayıb. 2008-ci ildən bu günədək MTK tərəfindən sakinlərə müqavilədən başqa heç bir sənəd (order, kupça) verilməyib. Əksər mənzillərdə yaşayışın olmasına baxmayaraq, bina FHN tərəfindən istismara qəbul edilmədiyindən, mənzillərə qaz verilməyib".
 
Bunu BAKU.WS-ə müraciət edən bina sakini Samir Qasımov deyib. Sakin bildirir ki, təxminən 2009-cu ildə binalara mərkəzləşmiş istiliyin verilməsi məqsədi ilə istixana tikilib və istifadəyə verilib: "İstixana tikildiyi vaxt, mənzil sahiblərindən, o cümlədən məndən 300 dollar (kurs 0.78) vəsait alınmış, əvəzində heç bir çek verilməmişdir. Bildirmişdilər ki, MTK-nın vəsaiti çatmadığına görə sakinlərdən əlavə pul yığılır. Bundan öncə isə hələ binalar tikildiyi dövrdə sakinlərdən 210 dollar (kurs 0.78) sayğac pulu yığılmış, əvəzində heç bir sənəd verilməmişdir".
 
Samir deyir ki, 2008-ci ildən bu binada, 3 otaqlı mənzildə yaşayır. Onun sözlərinə görə, əvvəllər xidmət haqqı kimi 3 otaqlı mənzillərdən 25 AZN, sonra isə 40 AZN alırdılar: "Əvəzində, ya heç bir sənəd vermirdilər, ya da saxta mədaxil qəbzi yazırdılar. Özlərində isə kitab-dəftərdə qeydiyyat aparırdılar. İstixana tikildikdən sonra isə, isti su və istilik sisteminə görə noyabr-aprel aylarında xidməthaqqı kimi 96 AZN yığırdılar. Kommunal xidmətlərin tarifləri 2016-ci ilin dekabrında qalxandan sonra isə istilik üçün yığılan xidmət haqqı 96 AZN-dən 140 AZN-ə qaldırdılar. Hər ilin aprel ayının sonunadək mənzillərə istilik və isti su verildiyi halda, bu ilin aprel ayının 1-dən heç bir xəbərdarlıq edilmədən, bu xidməti dayandırdılar. Hazırda binada qaz olmadığına görə mənzillər yalnız kondisionerlə isidilir. Sakinlərin iradlarına isə cavab verən yoxdur, söz deyən kimi, ofisin işçiləri bizi "Tri Korona"da yerləşən ofislərinə göndərir ki gedin ora şikayət edin. Hal-hazırda binalarda vəziyyət pisdir, evlər soyuqdur, qızdırmaq olmur. Kupça, qaz və qanunsuz pul yığılmaları ilə bağlı problemlərimizin həllinə köməklik edilməsini tələb edirik. 
 
İddialarla bağlı "İlin Dörd Fəsli" MTK ilə əlaqə saxlamağa çalışdıq. Bir neçə nəfərlə danışıb məsələ ilə bağlı münasibət öyrənmək istəsək də buna nail ola bilmədik. Belə ki, şirkətdən verilən məsul şəxsin nömrəsinə cavab verilmədiyi üçün sakinlərin suallarına cavab tapılmadı. Ümid edirik ki, məsələ ictimailəşəndən sonra bina sakinlərinin problemləri öz həllini tapacaq. BAKU.WS saytı "İlin Dörd Fəsli" MTK-nın münasibətini dərc etməyə hazırdır. 
 
Nazim Babayev
BAKU.WS