SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Sabunçu rayon məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, cinayət işi üzrə məhkəmə istintaqı ittiham aktının oxunması ilə başladığından və ittiham aktı xeyli iri həcmdə olduğundan, ötən iclasda yalnız təqsirləndirilən general Sübahir Qurbanova aid hissə oxunub qurtarmışdı. Bu gün dövlət ittihamçıları ittiham aktının Füzuli Əliyevə aid hissəsini oxudular.

İttiham aktının oxunması özü-özlüyündə darıxdırıcı olduğu və prosesdə əslində maraqlı heç bir hadisənin baş vermədiyini nəzərə alaraq, bu gün sizi məhkəmə zalındakı bir neçə maraqlı müşahidələrlə tanış edəcəyik.

Vəkil: "Mənə zəng edib, burda dediyim sözlərlə bağlı şərh istəyirlər"

Təqsirləndirilən Füzuli Əliyevin vəkili İlham Əsədov təəccüblə bildirdi ki, ötən iclasda onun dediklərinin hamısı kütləvi informasiya vasitələrində dərc olunub: "Hətta o da yazılıb ki, demişəm, qorxuram evimi yenə yandırarlar".

Vəkil müxbirlərin ona artan marağından da şübhələnib: "Dünən agentliklərin birindən mənə zəng edib, burada çıxışımda bildirdiyim xüsuslarla bağlı şərh istəyiblər. Soruşuram ki, bunları sizə kim deyib, deyirlər, deyə bilmərik. Burdan kimsə məlumatları saytlara otürür".

Agentlik əməkdaşının İlham Əsədovun ötən iclasdakı çıxışında söylədiklərini virtualaz.org-da oxuduğu isə şübhəsizdir.

"Şən və hazırcavab" təqsirləndirilənlər

Bu arada təqsirləndirilənlərin əhval-ruhiyyəsi yüksək idi - onlar bir-biri ilə zarafat edir, tez-tez gülüşürdülər. Sanki dövlət ittihamçısı onların barəsində başlanmış cinayət işi üzrə ittiham aktını deyil, bədii ədəbiyyat oxuyurdu.

Təqsirləndirilənlər arasında mütəhərrikliyi ilə ən seçiləni Füzuli Əliyevdir. Tez-tez oturduğu yeri dəyişir, şüşə qəfəs arxasından telefonla, yaxud birbaşa şüşə lövləhələrin arasındakı boşluq vasitəsilə vəkili ilə söhbət edir. Ötən iclasda onun prosesdə baş verənləri yazaraq qeydiyyat aparması və hakimə dəqiqləşdirici suallar verməsi də diqqətdən yayınmadı.

Vəkillər məhkəmə iclasını "boykot" etdilər

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, cinayət işi üzrə 10 nəfər təqsirləndirilənin 20-yə yaxın vəkili olsa da, bugünkü iclasda cəmi 8 vəkil iştirak edirdi.

Müdafiəçilərin kütləvi "boykot"u isə anlaşılandır: ittiham aktının oxunması, əslində, heç kim üçün maraqlı deyil - həmin ittiham aktı bütün vəkillərdə var. Sadəcə olaraq, qanun məhkəmə istintaqının əvvəlində ittiham aktının nəticə hissəsinin bütünlüklə oxunmasını tələb edir.

Məhkəmənin daimi qonağı - təqsirləndirilənin anası

Keçən dəfəki iclasda məhkəmə zalında təqsirləndirilənlərin ailə üzvlərinin yer alması barədə yazmışdıq. Belə ki, Sübahir Qurbanovun, Füzuli Əliyevin, Fərhad Atayevin yaxınları iclasın əvvəlindən sonuna kimi zalda idilər.

Lakin məhkəmənin bir daimi iştirakçısı var ki, bütün iclaslara hamıdan tez gəlib zaldakı yerini tutur. Bu, təqsirləndirilən Elşad Əzizovun anasıdır. Oğluna mənəvi dəstək olmaq üçün şüşə qəfəsin yaxınlığında əyləşən məsum ana övladı ilə tez-tez baxışları və əl-qol işarələri ilə ünsiyyət saxlayır.

Təqsirləndirilən Natəvan Mürvətova və vəkili

Cinayət işi üzrə təqsirləndirilən yeganə qadın olan Natəvan Mürvətovanın vəkili də bütün vəkillər arasında yeganə qadındır. Təqsirləndirilənlə vəkili məhkəmə zalında yanaşı otururlar.

Qeyd edək ki, Natəvan Mürvətova ev dustaqlığında olması səbəbindən məhkəməyə konvoyun müşayiəti olmadan gəlir və şüşə qəfəsdə deyil, birbaşa məhkəmə zalında əyləşir.

Füzuli Əliyev özünü təqsirli bilmədi

Dövlət ittihamçıları ittiham aktının təqsirləndirilən Füzuli Əliyevə aid hissəsini oxuyub başa çatdırdılar. Təqsirləndirilən şəxs səslənən ittihamlarla bağlı özünü təqsirli bilmədiyini qeyd etdi.

Məhkəmənin növbəti iclası çərşənbə axşamı, martın 7-də keçiriləcək.
 
BAKU.WS