SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş terror aktından 29 il ötür. 

BAKU.WS xəbər verir ki, 1994-cü ilin iyulun 3-də saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qala, ikinci vaqonunda partlayış baş verib. Nəticədə 13 nəfər həlak olub, 58 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Paytaxt sakinlərinə qarşı bu ağır cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror həyata keçirmək tapşırığı ilə ölkəmizə göndərilən Azərbaycan Respublikasının vətəndaşı Azər Salman oğlu Aslanov törədib. 

Hadisənin ardından Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov həbs edilib.

O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilir. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirir ki, o, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb.  

Araşdırmalar zamanı müəyyən olunub ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi olan Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib.

9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının "Artur" adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib.

16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana gəlib. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilib, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilib. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanıb, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilib. 

A.Aslanov İrəvan - Mineralnıye Vodı - Bakı marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirərək və yenidən Ermənistana qayıdıb.

Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunub.

İstintaq zamanı müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar.

Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılan araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.  

Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan haqqında İnterpolun xətti ilə beynəlxalq axtarış elan edilir.

Daha sonra o, MDB dövlətlərində də beynəlxalq axtarışa verilir. 2001-ci ildə Ermənistan tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır.

Terror aktının icraçısı Azər Aslanov isə ömürlük azadlıqdan məhrum edilib. 2021-ci ilin martında isə onun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

BAKU.WS