SİZİN REKLAM BURADA!
055 213 76 73


2022-ci il fevralın 7-də Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış kompleksi, bina 2, mənzil 69-da 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilir.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları dərhal araşdırmalara başlayır. Sorğu-sual olunan şahidlərin sözlərindən məlum olur ki, qadını həmin kompleksdə yaşayan 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə qətlə yetirib. Növbəti gün o könüllü Füzuli rayon Polis Şöbəsinə gələrək təslim olur.

Faktla əlaqədar Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

BAKU.WS xəbər verir ki, “lent.az” məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Asəf fevalın 7-i saat 10 radələrində qeyri-rəsmi münasibətdə olduğu Qənəət Fərmanovanın yaşadığı evdə olarkən, qadın ona yanvarın 30-da keçmiş əri ilə cinsi əlaqədə olmasını deyib. Bu məlumat ona pis təsir etdiyi üçün qısqanclıq zəminində sevgilisini öldürmək qərarına gəlib.

Bu məqsədlə mətbəxdən bıçaq götürərək, qonaq otağında olan Qənəət Fərmanovaya yaxınlaşıb. Bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 17 dəfə zərbə vuraraq, onu xüsusi amansızlıqla həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Asəf Cəfərzadə bildirib ki, rəsmi qaydada arvadı ilə boşanıb. Hər iki övladı hazırda ailəlidir. Qənəət Fərmanova ilə 2018-ci ildə tanış olub:

"Qənəət də mənim kimi Qobu Park 1 kompleksində yaşayırdı. Qadın 2013-cü ildə ərindən ayrılıb və himayəsində iki oğlu vardı. Keçmiş yoldaşı vaxt aşırı övladını görmək üçün Qənəətin evinə gəlib-gedirdi. Fevralın 7-də qadına diqqətlə baxanda, sinəsinin solunda qançır izini görüb onun necə yarandığını soruşdum.

Qənəət 7-8 gün əvvəl oğlunun ad günündə keçmiş əri ilə görüşdüyünü və onunla cinsi əlaqədə olduğunu dedi. Bu sözlər mənə çox pis təsir etdi. Mətbəx otağına keçib, bıçaq götürüb yenidən qonaq otağına qayıtdım. Divanda əyləşmiş Qənəət gülə-gülə "bunu nəyə gətirmisən, nədi, güya məni bıçaqla vuracaqsan?" dedi.

Əsəbi halda ondan nə üçün keçmiş əri ilə intim əlaqədə olduğunu soruşdum və qışqıraraq, onu "fahişə" adlandırdım. Cavab olaraq sevgilim keçmiş arvadım, qızım və gəlinim barədə ədəbsiz sözlər dedi.

Söyüşlərlə məni təhqir etdi. Buna görə, ona bıçaqla çoxsaylı xəsarətlər yetirdim. Hadisəni törətdikdən sonra 2 ədəd telefon və televizoru özümlə apardım. Çünki həmin əşyaların pulunu özüm ödəmişdim".

Növbəti dəfə dindirilmiş Asəf Cəfərzadə bildirib ki, cinayətin əsl səbəbi, hadisədən bir neçə gün əvvəl Qənəətin başqa şəxslə Xırdalanda yerləşən "Vulkan" otelində görüşməsi olub. Məhz buna görə onu qətlə yetirib və sonra zəng edib, bu barədə qadının qardaşına məlumat verib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Aysəba Fərzalıyeva ifadəsində göstərib ki, təqsirləndirilən Asəf Cəfərzadə mərhum bacısı Qənaətin qeyri-rəsmi əri olub:

"2001-ci ildə bacım dayısı oğlu Çərkəz Fərmanovla ailə həyatı qurub, nikahdan 2005- və 2007-ci illərdə 2 övladları anadan olub. Yola gedə bilmədikləri üçün 5 il əvvəl ayrılıblar. 2018-ci ildə dövlət tərəfindən bacıma Qobu Park 1 yaşayış kompleksində, 2 otaqlı mənzil verilib.

Həmin kompleksdə fəaliyyət göstərən marketdə kassir işləyirdi. Fevralın 7-də günorta kiçik qardaşım Zeyni Həsənalıyev mənə zəng vuraraq, Qənəətin yaşadığı mənzildə öldürüldüyünü xəbər verdi. Ərimlə ora çatanda, artıq bacımın meyitini müayinə üçün patoloji anatomiya şöbəsinə apardılar".

Şahid Zeyni Həsənalıyev bildirib ki, fevralın 7-i saat 11 radələrində Asəf Cəfərzadə ona zəng edərək, bacısını öldürdüyünü, övladları məktəbdən gələnə qədər gəlib, mənzildən meyiti götürməyini bildirib:

"Qənəəti nə üçün öldürdüyünü soruşanda, o, müəyyən səbəblərə görə aralarında münaqişə yarandığını dedi".
Şahid Çərkəz Fərmanov ifadəsində göstərib ki, Asəf Cəfəzadə keçmiş arvadının mənzilinə təmir işləri ilə əlaqədar usta kimi gəib-gedib:

"Onların arasında qeyri-rəsmi münasibət olması barədə məlumatım yox idi. Yanvarın 30-da oğlumun ad günü ilə əlaqədar Qənəətin mənzilinə həqiqətən də getmişəm. Lakin onunla cinsi əlaqədə olmadım".

Şahid Koroğlu Əzizov bildirib ki, yaşayış kompleksində yerləşən supermarketdə müdir müavini vəzifəsində işləyir:

"Qənəət Fərmanova marketdə kassir işləyirdi. Asəf Cəfərzadə isə mənimlə qonşuluqda, eyni mərtəbədə yerləşən 1 nömrəli mənzildə anası və oğlu ilə birlikdə yaşayırdı.

Asəf təbiətcə aqressiv və davaya meyilli insan idi, vaxtaşırı onun qışqıraraq, ailə üzvləri ilə dalaşdığını eşidirdim. Mərhum qadının Asəflə yaxın münasibətdə olmasını bilirdim. 2015-ci ildə Qənəət Asəfdən Füzuli rayon Polis Şöbəsinə şikayət edib və o, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb olunub. Amma aralarında barışıq olduğundan 2016-cı il fevralın 9-da cinayət işinin icraatına xitam verilib.

2022-ci il fevralın 7-i saat 10 radələrində Asəf marketə gələrək, mənə Qənəəti yaşadığı mənzildə bıçaqlayıb öldürdüyünü, polisə təslim olacağını və övladını mənə tapşırdığını bildirdi. Baş vermiş hadisə barədə marketin müdiri Pərviz Məmmədova məlumat verdim. Müdir mağazada mühafizəçi işləyən və Qənəətin qohumu olan Rəvan Fərmanovu yanına çağırdı.

Nə baş verdiyini dəqiqləşdirmək üçün məni və Rəvanı qadının mənzilinə göndərdi. Evin giriş qapısını döysək də, açan olmadı. Buna görə, Rəvan Fərmanov qadının uşaqlarının oxuduğu məktəbə getdi və mənzilin açarını götürüb geri qayıtdı. İçəri daxil olduq. Qonaq otağında, döşəmədə Qənəətin üzü aşağı hərəkətsiz vəziyyətdə uzandığını gördük. Təcili Tibbi Yardıma və marketin müdirinə zəng edib, qadının öldüyünü bildirdim. Daha sonra 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat verdik".

Məhkəmə iclasında Asəf Cəfərzadə ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Asəf Cəfərzadənin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asəf Cəfərzadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
QALEREYA