SİZİN REKLAM BURADA!
055 213 76 73


Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.

O bildirib ki, görülən tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini, 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin heyvanın qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

***14:11

Neftçala rayonunda heyvana qarşı işgəncə faktı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Hadisəni törədən Cəsarət Bayramov adlı şəxs tülküyə işgəncə verməsini onun qarpızlarını yeməsi ilə əlaqələndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlandığını açıqlayıb: "Fakt nəzarətə götürülüb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Əli İsmayıl
BAKU.WS
VİDEO