Təmas xəttində atəşkəs elan olunmasına baxmayaraq, düşmən yenə də təxribat əməllərindən əl çəkmir, ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv şəkildə atəşə tutur.  

BAKU.WS-in məlumatına görə, aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da  baş nahiyəsindən ağır yaralanmış və təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır. 

Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.

Nazir müavini  təmas xəttində yerləşən kəndlərin, evlərin, mülki şəxslərin atəşə tutulmasının  Ermənistanın təcavüzkar siyasətinin bariz nümunəsi olduğunu və düşmən tərəfin  beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu vurğulayıb.  Qeyd olunub  ki, əks hücumlar zamanı silahlı qüvvələrimizin  qarşısında tab gətirməyən Ermənistan ordusunun dinc sakinləri atəşə tutaraq əhali arasında təşviş yaratmağa cəhd etməsi, "atəşkəs” elan olunmasına baxmayaraq, cəbhə boyu ərazilərdə davamlı təxribatlar törətməsi bunu deməyə əsas verir ki, işğalçılar mənfur niyyətlərindən əl çəkmək istəmirlər. 
 
BAKU.WS