Bundan sonra toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb.

BAKU.WS
xəbər verir ki, bu barədə bəzi KİV-lərdə informasiya yazılıb. Məsələ ilə bağlı Milli Məclisin üzvü, naxçıvanlı deputat Fazil Mustafa “Facebook” səhifəsində münasibət bildirib.


Millət vəkili bu istiqamətdə atılacaq addımı dəstəklədiyini etiraf edib:

“Naxçıvanda toylarda israfçılığın qarşısının alınması üçün verilən qərar barədə xəbər doğrudursa, birmənalı dəstəkləyirəm. Öz mədəni həyatını doğru qura bilməyən cəmiyyətlərin inzibati yolla sağlam yaşam tərzinə alışdırmaqdan başqa yol qalmır. Toy, yas mərasimləri “qarın otarmaq” yeri deyil”, - deyə deputat vurğulayıb.

Fazil Mustafa deyir ki, belə məslislər əslində yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir:

“Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır. Hələ toy səviyyəsində keçirilən xınayaxdı, çiyər axşamı kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır.

Yüksək məbləğə toya dəvət edilən müğəninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir. Harınlar və şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var.

Las-Veqas, Kanar adları, Mardan Palas, onlarla başqa qapalı ehtişamlı məkanlar, buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər.

Normal ailə qurmaq istəyən sadə çoxluq üçün bu mərasimlər sadələşdirilməlidir. Pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır. Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır.

Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Yoxsa borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik”.

Fazil Mustafa deyir ki, toy və yaslarda edilən israfçılıq mənasız əzab yeridir:

“Sevinmək də lazım, kədərlənmək də, bu insan təbiətinə aid bir gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyildir”.

Cavid Babayev
BAKU.WS