VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bayaqdan sosial şəbəkələrdə Gəncəmizlə bağlı paylaşılan videoları izlədikcə az qaldı ürəyim dayana. Təzyiqim hətta çox yüksəldi. Nə oldu mənim sevimli Gəncəmə? Ölmədən bu günləridəmi görmək qismət imiş?! Gözə gəldin, ay Vətənim!"

BAKU.WS xəbər verir ki, bu sözləri ürək ağrısı ilə gəncəli sənətkar, əməkdar artist Aybəniz Haşımova deyib. O, doğma yurdunda baş verənlər üzündən səhhətinin pisləndiyini bildirib.

Digər tanınmışlar da dünən Gəncədə bir qrup təxribatçı tərəfindən törədilən və iki polis əməkdaşının ölümü ilə nəticələnən iğtişaşı pisləyib. Deputat Fazil Mustafa Gəncə hadisələrini belə şərh edib: 

"Allah Gəncədə xaricdəki mərkəzlər tərəfindən idarə olunan xurafatçı şəbəkə tərəfindən şəhid edilən polislərimizə rəhmət etsin. Aylardır söylədiklətimiz, gözlədiklərimiz, hayqırdıqlarımız baş verdi. Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar. Dəstək vermələri bir yana dursun, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan? Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır. Millətlər var ki, nəsihətlə pisliklərdən uzaqlaşır. Millətlər var ki, nəsihəti sevməzlər, gözlərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar. Bizsə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var, pərşəmbənin gəlişi çərşənbədən bəllidir. İndi heç olmazsa ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfırbər edərək ölkəmiz üçün düşünülən bu ssenarini pozmağa çalışmalıyıq. Bu yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik.

Gitara ifaçısı, xalq artisti Rəhman Məmmədov məyusluğunu belə bildirib: "Məmləkətimizə ixtişaş yaraşmır. Bu heç kimə xeyir gətirməz"!

Prodüser Tarix Əliyev Xəzər TV-də təqdim etdiyi "Hər şey daxil" verilişinin Gəncədə baş verən hadisələrlə bağlı bu gün efirə getməyəcəyini bəyan edib: "Dünən Gəncə şəhərində asayişi qoruyarkən öldürülən polislərimizin ruhuna hörmət əlaməti olaraq, bu gün "Hər şey daxil" verilişi olmayacaq. Polis bir qardaşdır, bir atadır, bir ailə başçısıdır. Allahın dərgahında hamımız eyniyik, gəlin ölkəmizi qoruyaq, düşmənlərimizi sevindirməyək, prezidentimizi qoruyaq, ölkəmizdə çaxnaşma yaratmaq istəyənləri sevindirməyək! Azərbaycan bizim vətənimizdir. Onu biz qorumalıyıq! Allah Gəncəmizi, dinc həyatdan məhrum edənlərə lənət eləsin!"

Xatırladaq ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozub. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olub. 

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Zulfiyyə Qurbanova
BAKU.WS