Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Qəza zamanı mikroavtobusda xəsarət alan 1 nəfər (sərnişin) köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

*** 10:36 ***

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.

Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS