Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Oğuz və Şəki rayonlarında yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.
 
BAKU.WS-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində yeni mənzillər inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Bu istiqamətdə tədbirlər Oğuz və Şəki rayonlarında da davam etdirilib və hər iki rayon üzrə 7 ədəd yeni fərdi yaşayış evi qeyd olunan təbəqələrə aid vətəndaşlara təqdim edilib. Onlardan 5 nəfəri Qarabağ müharibəsi əlilləri, 2-i isə şəhid ailələridir. 

Evlərin istifadəyə verilməsi tədbirlərində ölkə vətəndaşının rifah halının yüksəldilməsinin, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf stretegiyasının başılıca hədəflərindən olduğu vurğulanıb. Qeyd olunub ki, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində də ardıcıl və məqsədyönlü işlər görülür. 

Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı kimi, təkcə bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin inşası, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir. 

Tədbirdə iştirak edən əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri möhtərəm dövlət başçısının əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıq hissi ilə bəhs ediblər. Onlar ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına yönələn və ildən-ilə güclənən tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını vurğulayıblar. 

Yeni fərdi yaşayış evləri ilə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların hərtərəfli təminatına, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
 
BAKU.WS