Qlobal bazarlarda gərginlik azalır - Qızıl və neft ucuzlaşdı

Qlobal bazarlarda gərginlik azalır - Qızıl və neft ucuzlaşdı
İqtisadiyyat 93

Qızıl və neft ucuzlaşıb.

BAKU.WS xəbər verir ki, İsrail və HƏMAS-ın Qəzza Barış Planının ilk mərhələsinə razılıq verməsindən sonra dünya bazarlarında "təhlükəsiz liman" kimi qəbul edilən qızıla olan tələbat azalıb.

Dünən 4 059 dollarla tarixi zirvəni görən qızılın unsiya qiyməti bu gün 4 000 dollaradək enib. Bakı vaxtı ilə saat 06:00-a olan məlumata görə, qızıl 4 019 dollar civarında sabitləşməyə çalışır.

Qızıl qiymətlərindəki geriləməyə ABŞ Mərkəzi Bankının (FED) sentyabr iclasına dair açıqlanan protokollar da təsir edib. Sənədlərdə zəifləmiş əmək bazarının yüksək inflyasiyadan daha önəmli risk kimi dəyərləndirildiyi bildirilib. Analitiklər FED-in bu il iki dəfə faiz endirimi edə biləcəyini, lakin 2026-cı ildə "gözlə-gör" siyasətinə keçəcəyini proqnozlaşdırır.

ABŞ-də hökumətin bağlanması səbəbindən yaranan büdcə böhranı doqquzuncu gününü keçirir. Respublikaçılarla demokratlar arasında razılaşma əldə olunmaması bazarlarda qeyri-müəyyənliyi artırır.

Yaxın Şərqdə gərginliyin azalması və ABŞ-də neft ehtiyatlarının 3,7 milyon barel artması nəticəsində "Brent" markalı neftin bir barelinin qiyməti 0,6% ucuzlaşaraq 65,85 dollara düşüb.

Ekspertlər hesab edirlər ki, regiondakı sakitlik və enerji bazarında təklifin artması fonunda həm neftin, həm də qızılın qiymətində yaxın günlərdə dəyişkənlik davam edə bilər.

Son xəbərlər