Novruz tətilni xaricdə keçirmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

Novruz tətilni xaricdə keçirmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
Si̇yahı
İqtisadiyyat 85

"Novruz bayramı ərəfəsində azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi xarici istiqamətlər sırasında ilk yerlərdə Dubay dayanır. Son illər ərzində Dubay Novruz mövsümündə ən populyar istirahət məkanlarından biri kimi mövqeyini qoruyur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Turizm üzrə ekspert Rəhman Quliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb əlverişli hava şəraiti, geniş alış-veriş imkanları və bayram günlərinə təsadüf edən əyləncə proqramlarıdır:

"Bayram dövründə artan tələbat səbəbindən Dubay istiqamətində turpaketlər aktiv şəkildə satılır və qiymətlərdə yüksəliş müşahidə olunur. Hazırda bazarda formalaşan qiymətlərə əsasən, 5 gecəlik iki nəfərlik Dubay turları 2500 manatdan başlayır. Dubay istiqamətində qiymətlər hotel kateqoriyası və seçilən proqramdan asılı olaraq daha da yüksələ bilər.

İstanbul isə Azərbaycandan qısa uçuş məsafəsi və zəngin mədəni mühiti ilə ən çox seçilən istiqamətlərdəndir. Xüsusilə 5-6 gecəlik turlar daha çox tələb görür. Həm mədəni turizm, həm də alış-veriş baxımından cəlbedici olan İstanbul kampaniya paketlərində orta qiymət seqmentində lider istiqamətlərdən hesab olunur. İstanbul üzrə 5 gecəlik paketlər iki nəfər üçün təxminən 2000 manatdan başlayır.

Bundan əlavə, Şarm əl-Şeyx və Doha da orta büdcəli Novruz turları arasında yer alır. Bu istiqamətlər əsasən günəşli istirahət və dəniz turizmi axtaran səyahətçilər tərəfindən seçilir. Şarm əl-Şeyx üzrə 5 gecəlik paketlərin qiyməti 2400 manatdan başlayır. Dəniz istirahətinə üstünlük verən turistlər arasında bu istiqamət Novruz dövründə yüksək maraq görür.

Novruz tətilni xaricdə keçirmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

Avropa şəhərlərinə maraq da davam edir. Xüsusilə Budapeşt və Vyana Novruz tətilini daha sakit və mədəni proqramlarla keçirmək istəyən turistlər üçün cəlbedici seçimlərdəndir. Avropa şəhərlərinə səyahətlər isə nisbətən daha yüksək büdcə tələb edir. 5 gecəlik turlar iki nəfər üçün orta hesabla 3500 manatdan başlayır və seçilən şəhər, uçuş marşrutu və hotel səviyyəsindən asılı olaraq artır.

Daha münasib istiqamətlər sırasında isə Özbəkistan yer alır. Bu ölkəyə 5 gecəlik tur paketləri iki nəfər üçün təxminən 1500 manatdan başlayır və son illər mədəni turizmə maraq göstərən səyahətçilər arasında populyarlıq qazanır.

Qiymət trendlərinə gəldikdə isə, bayram dövründə artan tələbat fonunda həm aviabiletlərdə, həm də turpaketlərdə bahalaşma müşahidə olunur. Erkən rezervasiya edənlər daha münasib qiymətlərlə paket əldə edə bilirlər. Bayram yaxınlaşdıqca isə qiymətlər yüksəlir".

Orxan Hüseyn

Oxşar xəbərlər

Son xəbərlər