Muxtar Babayev: "Yaşıl iqtisadiyyat"ın inkişafına dair dövlət dəstəyi ilə yeni imkanlar açılır"

Muxtar Babayev: Yaşıl iqtisadiyyatın inkişafına dair dövlət dəstəyi ilə yeni imkanlar açılır
İqtisadiyyat 27

Azərbaycanda "Yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi ilə yeni imkanlar açılır.

BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, "yaşıl enerji" sahəsində dövlətin atdığı addımlar özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir.

"Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. Kiçik və orta biznes subyektləri (KOB) dayanıqlı infrastruktur yaratmağa və "yaşıl texnologiyalar"dan istifadə etməyə təşviq edilməlidir. Bu, həm iqtisadi artıma, həm də ekoloji səmərəliliyə töhfə verəcək. KOB-ların bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir. BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla ABŞ dolları tələb olunur. "Yaşıl kredit"lər, "yaşıl istiqraz"lar, Ekoloji, Sosial, Korporativ İdarəetmə ilə əlaqəli maliyyə alətləri vasitəsilə, KOB-ların ekoloji və dayanıqlı layihələrə sərmayə qoymasını asanlaşdırmaq lazımdır. Yaşıl və dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və Sosial Məsuliyyətlilik hər bir şirkətdə idarəçiliyinin təməl prinsiplərini təşkil etməlidir. Banklar və digər maliyyə təşkilatları da korporativ sosial məsuliyyət missiyasını yerinə yetirməlidir. Beynəlxalq praktikada olduğu kimi kommersiya bankları öz fəaliyyətləri və kreditlərin verilməsi zamanı iqtisadi amillərlə yanaşı ekoloji və iqlim amillərini nəzərə almalıdır", - deyə nazir qeyd edib.

"Bununla yanaşı, beynəlxalq təcrübədə dövlət büdcəsinin formalaşdırılması prosesində büdcə etiketlənməsi yanaşması tətbiq edilir. Bu vasitə ilə dövlət xərclərinin ekoloji məqsədlərə uyğunluğunu təmin etmək, resursların daha səmərəli və dayanıqlı istifadəsinə nəzarət etmək mümkündür. Maliyyə vəsaitlərinin ayrılması zamanı ekoloji göstəricilərin nəzərə alınması artıq zərurətə çevrilmişdir. Bu baxımdan kommersiya banklarının da ekoloji, sosial, korporativ idarəetmə prinsipləri tətbiq edən şirkətlərə üstünlük verməsi və ekoloji dayanıqlı layihələri dəstəkləməsi çox önəmlidir", - deyə nazir əlavə edib.

Son xəbərlər