Mərkəzi Bankdan manatla bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanıb.
Bu müraciətləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılıb və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılıb".
Bu barədə BAKU.WS-ə Azərbaycan Mərkəzi Bankının (AMB) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu"na dəyişikliklər edilib və Qanunda "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilib.
"Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunub. Hazırda tədavüldə, üzərində "Azərbaycan Milli Bankı" yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində "Azərbaycan Mərkəzi Bankı" sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur" — AMB-dən məlumat verilib. O da qeyd olunur ki, gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz ediləcək: "Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir".
BAKU.WS
Oxşar xəbərlər
Prezident Mədət Quliyevə yeni vəzifə verdi - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar...