Kirayə evlərin qiyməti ARTACAQ? - EKSPERT AÇIQLADI

Kirayə evlərin qiyməti ARTACAQ? - EKSPERT AÇIQLADI
Açıqlama
İqtisadiyyat 91

Yanvarın 1-dən etibarən müqaviləli kirayələrin dövlət rüsumu 14%-dən 10%-ə endirildi. Dəyişiklik ilkin baxışda kirayə bazarının leqallaşdırılması və qiymətlərin sabitləşməsi baxımından müsbət addım kimi qiymətləndirilir. Çünki əvvəlki illərdə kirayə münasibətlərinin böyük hissəsi qeyri-rəsmi şəkildə qurulurdu və vergi öhdəlikləri tam şəkildə icra olunmurdu.

Bununla belə, ekspertlər hesab edirlər ki, faizlərin azaldılması nəzəri baxımdan bazara müsbət təsir göstərməli olsa da, praktiki müstəvidə vəziyyət bir qədər fərqlidir. Müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməməsi və münasibətlərin qeyri-rəsmi formada qalması 10 faizlik rüsumun tətbiqini tərəflər üçün əlavə öhdəlik kimi təqdim edir. Bu səbəbdən hazırda kirayə qiymətlərində ciddi dəyişiklik müşahidə olunmur.

İqtisadçı Vüqar Oruc BAKU.WS-ə bildirib ki, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi bazarın şəffaflaşması üçün stimul yaratsa da, bu proses hələ geniş miqyas almayıb:

"Əvvəllər kirayə münasibətlərinin əhəmiyyətli hissəsi rəsmiləşdirilmirdi. Faizin azaldılması nəzəri olaraq bazara müsbət təsir etməli idi. Lakin müqavilələrin hüquqi baxımdan bağlanmaması və münasibətlərin qeyri-rəsmi qalması səbəbindən 10 faizlik rüsum hazırda tərəflər üçün əlavə öhdəlik kimi qəbul olunur. Bu baxımdan qiymətlərdə hələ ciddi dəyişiklik yoxdur."

Ekspert qeyd edir ki, inzibati metodlarla kirayə münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, proses məhdud xarakter daşıyır:

"Dövlətin bütün qeyri-rəsmi kirayə münasibətlərini aşkar etməsi üçün resurslar kifayət qədər geniş deyil. Ona görə də dəyişikliklər bazara hələ ciddi təsir göstərməyib."

Bununla yanaşı, V.Oruc 2026-cı il üzrə qiymət artımı proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, cari ildə kirayə bazarında artım tendensiyası mümkündür:

"İlkin mərhələdə – ilk 6 ay ərzində kirayə qiymətlərinin 5-6 faiz yüksəlməsi ehtimalı var. İlin ikinci yarısında isə artım tempinin daha da sürətlənməsi mümkündür."

Beləliklə, vergi dərəcəsinin azaldılması bazarın leqallaşdırılması istiqamətində addım kimi qiymətləndirilsə də, qısa müddətdə kirayə qiymətlərinə ciddi təsir göstərməyib. Lakin ekspertlərin proqnozlarına görə, qarşıdakı aylarda qiymət artımı yenidən gündəmdə olacaq və bu, xüsusilə paytaxtda kirayə bazarında hiss edilə bilər.

Şahanə Xankişiyeva

Son xəbərlər