Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədi üçün vergi uçotuna alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində daha 4 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar ABŞ-nin "Anthropic, PBC" və "Aghanim Inc.", İsveçrənin "eBay Marketplaces GmbH", eləcə də Niderlandın "Netflix International B.V." şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, gələn aydan elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV-ni banklar tutmur. Həmin şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
"Netflix" və "eBay" Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı sentyabrın 1-dən etibarən yeni mexanizm tətbiq ediləcək. Vergi Məcəlləsinə edilmiş dəyişikl...