Aset Asavbayev: "İran-Azərbaycan-Gürcüstan marşrutu üzrə texniki araşdırmalara yaxın vaxtlarda başlanılacaq"

Yaxın vaxtlarda TRACECA (Avropa-Qafqaz-Asiya) Katibliyi İran-Azərbaycan-Gürcüstan marşrutu üzrə texniki araşdırmalara başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə TRACECA-nın baş katibi Aset Asavbayev "Report"a müsahibəsində bildirib.
"Bu araşdırmanın məqsədi marşrutun həyata keçirilməsinin mümkünlüyünü nümayiş etdirmək, potensial maneələri müəyyənləşdirmək və onların aradan qaldırılması yollarını təklif etməkdir. Bütün texniki parametrlər razılaşdırıldıqdan sonra nəticələrin təqdimatı cari ilin avqust-sentyabr aylarına nəzərdə tutulub", – baş katib vurğulayıb.
Onun sözlərinə görə, marşrut İranın 2025-ci ilin fevralından etibarən TRACECA-ya sədrliyi çərçivəsində irəli sürdüyü əsas təşəbbüslərdən biridir: "Bu ideya Katiblik tərəfindən tam dəstəklənir. İran, Azərbaycan və Gürcüstan TRACECA-nın üzv ölkələridir və bu üçtərəfli marşrut Fars körfəzi ilə Qara dəniz arasında strateji əlaqə yaradacaq".
A.Asavbayev qeyd edib ki, İranın Bəndər-Abbas limanı da daxil olmaqla Fars körfəzinə çıxışı bu marşrutu logistika baxımından xüsusi əhəmiyyətli edir: "Marşrut şəbəkəsinin şaxələndirilməsi və genişləndirilməsi üçün bu potensialdan daha fəal istifadə olunmalıdır".
Hazırda marşrutun tam fəaliyyəti üçün İran tərəfi ilə texniki detallarla bağlı müzakirələrin davam etdiyini deyən baş katib əlavə edib ki, eyni zamanda avtomobil nəqliyyatı və digər nəqliyyat növlərinin inkişafı üzrə əməkdaşlıq da aparılır:
"Bu layihənin həyata keçirilməsi TRACECA məkanında, o cümlədən Azərbaycan ərazisində tranzit daşımalarının həcminə müsbət təsir göstərəcək. Geosiyasi qeyri-sabitlik, xüsusilə Qırmızı dənizdəki vəziyyət fonunda alternativ marşrutlara tələbat durmadan artır".
O, əlavə edib ki, tranzitin səmərəli təşkili üçün yüklərin sərhədlərdən keçidinin sürətləndirilməsi və bir sıra darboğazların aradan qaldırılması vacibdir: "Azərbaycan artıq tranzit axınlarında artım qeydə alır, lakin bəzi hallarda infrastruktur artan yükü qarşılamaqda çətinlik çəkir. Sanksiyalar səbəbindən Rusiya və İran ərazisindən keçə bilməyən yüklərlə bağlı məhdudiyyətlər də mövcuddur. Bu hallarda daşımalar Azərbaycan və Xəzər dənizi vasitəsilə həyata keçirilir ki, bu da həmin istiqamətlərə əlavə yüklənməyə səbəb olur. Lakin sanksiyalara məruz qalmayan yüklər üçün İran-Azərbaycan-Gürcüstan marşrutu real və əlçatan alternativdir".
A.Asavbayev vurğulayıb ki, yük axınının balanslı paylanması və ayrı-ayrı hissələrin həddindən artıq yüklənməsinin qarşısının alınması üçün TRACECA-nın bütün mövcud marşrutlarından maksimum istifadə olunmalıdır.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Oxşar xəbərlər
Dünya Bankı COP29-dan sonra inkişaf etməkdə olan ölkələr üçün investisiya perspektivlərini açıqlayıb
Ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq karbon bazarları üzr...
