Avqustun 6-na İqtisadiyyat Nazirliyinə koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 095 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118 708 fərdi (mikro) sahibkar, cəmi 147 803 vergi ödəyicisi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciət edib.

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. 

Məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 273 732 işçini əhatə edən 29 095 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 856 vergi ödəyicisinə 215 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 708 vergi ödəyicisindən müraciət daxil olub, 111 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 milyon manat vəsaitin 106 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

BAKU.WS