SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ümumiyyətlə həmişə bizdə büdcə xərclərilə bağlı məsələ gündəmdə olub. Ölkə başçısı cənab İlham Əliyev mütəmadi olaraq Dövlət Büdcəsi məsələsinə çox ciddi toxunur”.

Bu barədə Millət vəkili, iqtisadçı Vahid Əhmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, prezident məsələni ictimai nəzarətə çıxarmağı da tövsiyə edib.

“Büdcə xərclərinin optimallaşdırılması, əlbəttə ki, Azərbaycanın gələn gəlirlərindən ibarətdir. Dövlət Büdcəsinə nə qədər vəsait daxil olursa, onun xərclənməsində nizamı qoruyub saxlamaq, əsas sosial sahələrə ayrılan vəsaitin ünvana çatmasını təmin etmək və s. mütləq məsələlərdəndir.

Büdcənin xərc hissəsini optimallaşdırmaq çox vacib məsələdir. Hesablama Palatasının hesabatı açıqlananda xərc hissəsinə diqqət edilir.

Çox təəssüflər olsun ki, burada müəyyən problemlərimiz var.

Hazırda Maliyyə Nazirliyi, nazir və digər səlahiyyətli şəxslər başda olmaqla müəyyən işlər görülür”, - deyə millət vəkili bildirib.

V.Əhmədov deyir ki, neftin qiyməti büdcəmizin əsas gəlir hissəsini təşkil etdiyi üçün gündəmdədir:

“2020-ci ilin Dövlət Büdcəsi müzakirə olunarkən Samir Şərifov bir neçə variantı nəzərdən keçirməyi təklif edib. O, bu barədə geniş izahatlar verib.

Dövlət Büdcəsində neftin qiyməti 55 dollar götürülmüşdü. Neftin qiyməti 45 və aşağı olanda hökumətin müəyyən planları var.

Hazırda koronavirusun dünyaya yayılması və neftin kəskin ucuzlaşması, Səudiyyə Ərəbistanı və Rusiya arasında olan mübahisələr yanacağın qiymətinin optimallaşdırılmasına imkan vermir.

Bütün bunlar nəzərə alınıb və Dövlət Büdcəsi barəsində Milli Məclisdə də məsələ gündəmdə olacaq.

Ümumiyyətlə bu məsələlər ətrafında çox ajiotaj yaradırlar. Cənab Prezident tərəfindən hökumətin yanında komissiya yaradılır.

Bu komissiya məsələni araşdırır. Neftin qiymətinin aşağı düşməsi, əlbəttə, Azərbaycanın gəlirlərinə təsir edir. Çünki bizim əsas gəlirlərimiz neftdən gəlir.

Azərbaycanın 56 milyard dollara yaxın “təhlükəsizlik yastığı” var. İstənilən vaxt həmin vəsaitdən istifadə edə bilərik.

Bu yaxınlarda Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirmişdi ki, Azərbaycanın ən çətin məqamda “B” planı var.

Düzdür, bu planı açıqlamadılar. Lakin mən düşünürəm ki, istənilən variant üçün Azərbaycanın imkanları böyükdür.

Bu imkanlardan da dövlət istifadə edəcək. Biz dövlət büdcəsini təsdiq edəndə dolları 1,70 AZN kimi nəzərdə tutmuşuq. Hökumət də bunun üzərində işləməlidir ki, bu istiqamətdə problem olmasın”.

Ziya SƏCCAD
BAKU.WS